Qarşıda hələ iki dövrə var. Lakin indidən demək olar ki, “Neftçi”nin hətta avrokuboklara vəsiqə qazanması çətin olacaq.
Düzdür, komanda mövsümün startı ilə müqayisədə daha inamlı təsir bağışlayır. Xüsusilə Vensan Abubakarın gəlişindən sonra bakılılarda özünəinam yaranıb. Dünən “Qarabağ”la matçda da Samir Abasovun yetirmələri əlacsız görünmürdü.
Bununla belə, ortada əlahəzrət fakt var: paytaxt klubu hətta ən yaxın izləyicisindən – 6-cı pillədəki “Araz-Naxçıvan”dan 4 xal geri qalır. lk “dördlüy”ə düşmək üçün qələbə seriyası yaxalamaq, birbaşa rəqibləri yenmək lazımdır. Mümkündür, amma çətindir.
“Qarabağ”la derbidə “Neftçi” zaman-zaman təşəbbüsü ələ alsa da, oyuna meydan sahibləri diqtə edirdi. Hələ bu, natamam əsas heyət idi, Qurban Qurbanov bəzi oyunçulara istirahət vermişdi. Ağdamlılar zirvəyə yüksəlməklə növbəti çempionluğa kökləndiyinin, daxili yarışlara da barmaqrası yanaşmadığının siqnalını verdi.
Lakin bütün biletlərin satılmasının, tribunların dolmasının səbəbi yalnız oyunun bayram günü keçirilməsi, “Qarabağ”ın avrokubokdakı parlaq çıxışı deyildi. Azarkeşlər həm də dirçəlmək istəyən “Neftçi”ni izləməyə gəlmişdi. Bu komandalar çempionluq mübarizəsi aparsaydı, yəqin ki, “Azersun Arena”dan daha böyük stadionda oynamaq lazım gələrdi.
“Turan Tovuz”, “Kəpəz”, “Qarabağ”, “Neftçi”, “Sumqayıt” – çempionatın canı bu komandalardır. Onlar hamısı iddialı olsa, azarkeş azlığından şikayətlənməyə şansımız olmaz. Azarkeşlər yaxşı komanda, gərgin mübarizə istəyir. Ağdamlılar ehtiyatdakı oyunu da udsa, “Neftçi”dən 11 tura 11 xallıq məsafədə olacaq. Belə rəqabət tamaşaçı marağı çəkməz. Dünən tribunlara həm də qolları sıralayan Abubakara görə dolmuşdu. Amma hamı gördü ki, bir güllə bahar olmur. “Neftçi” daha yaxşı oynamalı, çempionata rəng qatmalıdır.
Hələliksə liderlik uğrunda başqa komandalar döyüşür. Ehtiyatda bir oyunu olan “Sabah” həmin matçda “Qarabağ”ı yensə, zirvəyə qalxacaq. Hətta indi də komanda avrokuboklara vəsiqə uğrunda yarışda önəmli üstünlük qazanıb.
Amma “bayquşlar”ın oyunu hətta baş məşqçi Valdas Dambrauskası da razı salmır. Qarşıdakı fasilədə, xüsusilə də qışda legioner çalışdırıcı öz oyun üslubunu təkmilləşdirməli, komandanı daha yaxşı vəziyyətə gətirməlidir. Qeyri-sabitlik davam etsə, hətta ilk “dördlük”dəki yeri itirmək an məsələsidir.
“Kəpəz”ə gəlincə, növbəti məğlubyyət 10-cu oldu. Gəncəlilər hələ də 12-ci pillədədir və ümidin tam qırılmasına digər autsayderlərin ardıcıl məğlubiyyətləri imkan vermir.
FƏRİD






