“Qəbələ”nin ispaniyalı yarımmüdafiəçisi Xayme Syerranın futbolinfo.az saytına müsahibəsi
– Dünən Azərbaycan Kubokunun ¼ finalında “Sabah”la səfərdə heç-heçə etdiniz. Bu nəticədən razısınız?
– Bəli, bu iki oyunluq qarşılaşmadır və biz yaxşı nəticə əldə etməli idik. Çünki cavab oyununu evdə keçirəcəyik və evdə daha güclüyük.
– Cavab görüşünü evdə oynayacağınız üçün özünüzü daha üstün sayırsınız?
– Bəli, əvvəl də dediyim kimi, düşünürəm ki, biz evdə daha güclü komandayıq. Qarşımızda çox güclü rəqibin olduğunu bilirik, amma mərhələni keçmək üçün kifayət qədər şansımızın olacağına inanıram.
– “Qəbələ” mövsümün ikinci yarısına uğurlu başlayıb: 3 oyunda 2 qələbə, 1 heç-heçə. Bunun sirri nədədir?
– Gündəlik iş və komanda olmaq. Heyətdə çoxlu yeni futbolçular var idi, amma indi getdikcə bir-birimizi daha yaxşı tanıyırıq və bu da meydanda özünü göstərir.
– Çempionat oyunlarında 2 matça 7 qol vurmusunuz. Sanki hücum xətti daha da güclənib. Bununla razılaşırsınız?
– Çox yaxşı transferlər etmişik. Amma hələ görüləsi çox iş var. Çalışmağa davam etməliyik.
– “Sabah”la ağır kubok oyunundan sonra “Neftçi” ilə səfərdə çətin çempionat qarşılaşması var. Orada da xal qazana biləcəyinizi düşünürsünüz?
– Düşünürəm ki, hazırda çox yaxşı formadayıq və bu mümkündür. Futboldur, meydanda 11-in 11-ə qarşı mübarizəsi gedir, hər şey baş verə bilər.
– Sonuncu pillədən 8 xal öndəsiniz. Bu, sizə müəyyən rahatlıq verir və bu inam komandanın daha yaxşı oynamasına kömək edir?
– Bizim üçün əsas olan hər gün işimizi davam etdirmək və bu cür yaxşı nəticələr qazanmağı sürdürməkdir. Ən vacib məqam da budur.
FƏRİD






