Müasir dövrdə uşaqların idmana cəlb olunması çox erkən yaşlardan başlayır və bir çox hallarda proses 7–8 yaşlarında intensiv xarakter alır. Rəsmi olaraq uşaq idman məktəblərinə qəbul yaş həddi idman növünün xüsusiyyətlərindən asılı olaraq əsasən 7–14 yaş aralığında müəyyən edilir. Lakin idmana erkən başlama faktı ixtisaslaşmaya və nəticəyə yönəlmiş hazırlığın erkən yaşlarda aparılmasını zəruri etmir.

Təcrübə və elmi araşdırmalar göstərir ki, idmana cəlbetmə yaşı ilə idman ixtisaslaşmasının başlanması üçün optimal yaş anlayışları eyni deyil və bu fərqin nəzərə alınmaması uşaq idmanında ciddi mənfi nəticələrə səbəb ola bilər.

Uşaqların yaş xüsusiyyətlərinə uyğun olaraq sadələşdirilmiş idman fəaliyyətinə cəlb edilməsi, onların fiziki imkanları çərçivəsində hərtərəfli inkişafının təmin olunması üçün əsaslı maneələr yaratmır. Lakin erkən yaşlarda dar ixtisaslaşmanın zorla sürətləndirilməsi, hətta bu proses rəsmi qəbul yaş hədləri daxilində aparılsa belə, ilkin mərhələdə idman nəticələrinin sürətli artımı ilə müşayiət olunsa da, uzunmüddətli perspektivdə həm son idman nailiyyətlərinə, həm də uşağın orqanizminin tam və ahəngdar inkişafına mənfi təsir göstərir. Erkən yaşlarda yüksək nəticə nümayiş etdirən bir çox gənc idmançı yetkinlik dövrünə yaxınlaşdıqca yalnız orta səviyyəli göstəricilərlə kifayətlənir və ya ümumiyyətlə idmandan uzaqlaşır.

83b35d - Futbolinfo.az

Məlumdur ki, idman ixtisaslaşmasına daha gec, yəni 17–20 yaşlarda başlayan, bəzi hallarda isə daha sonrakı yaşlarda idmana yönələn idmançılar arasında yüksək səviyyəli nəticələr əldə edənlər, o cümlədən olimpiya çempionları və dünya rekordçuları olmuşdur. Bu fakt bir daha göstərir ki, erkən yaşlarda dar ixtisaslaşmanın sürətləndirilməsi orqanizmin yetişmə dövründə ümumi funksional imkanlarının genişlənməsi zərurəti ilə ziddiyyət təşkil edir, adaptasiya imkanlarını məhdudlaşdırır, hərəkət bacarıq və vərdişlərinin fərdi ehtiyat fondunun formalaşmasına mane olur və gələcək idman təkmilləşməsi üçün zəruri olan baza zəifləyir.

IMG 7208 - Futbolinfo.az

Bununla yanaşı, həddindən artıq erkən və intensiv ixtisaslaşma məşq qabiliyyətinin bioloji mexanizmlərinin sərt istismarı ilə müşayiət oluna, onların vaxtından əvvəl tükənməsinə səbəb ola və uşaqlarda uzunmüddətli idman gərginliklərinə qarşı psixoloji müqavimət yarada bilər. Bu amillər uşaq idmanında erkən yaşlardan nəticəyə yönəlmiş yanaşmanın təhlükəli tərəflərini daha da aktuallaşdırır. İdman nəzəriyyəsi və metodikasında qəbul olunmuş yanaşmaya əsasən, idman hazırlığının ilkin mərhələsində dar ixtisaslaşmanın sürətləndirilməsi məqsədəuyğun hesab edilmir və başlanğıc səviyyədə idmançıların hazırlığı mümkün qədər hərtərəfli xarakter daşımalıdır.

IMG 6830 - Futbolinfo.az

Bu mərhələdə yarış fəaliyyətinə dərhal yüksək nəticə əldə etmə məqsədi ilə deyil, müxtəlif idman növləri və ya eyni növ daxilində müxtəlif istiqamətlər üzrə çoxşaxəli formada yanaşmaq daha məqsədəuyğundur. Belə yanaşma uşağın fiziki  potensialının daha dolğun üzə çıxarılmasına, ixtisas seçimi zamanı yol verilə biləcək səhvlərin qarşısının alınmasına və uzunmüddətli idman inkişafının təmin olunmasına xidmət edir. İlkin idman yönləndirilməsini həyata keçirən məşqçinin əsas vəzifəsi uşağın fərdi xüsusiyyətlərini, yaşa bağlı inkişaf tempini və motivasiyasını nəzərə alaraq nəticəyə deyil, mərhələli və davamlı inkişaf prinsipinə əsaslanan hazırlıq sistemini formalaşdırmaqdan ibarətdir.

18641982 E3DE 49CD A98B 14A054BDD006 - Futbolinfo.az

Nəticə etibarilə, uşaq idmanında əsas məqsəd qısa müddətdə yüksək nəticələr əldə etmək deyil, sağlam, ahəngdar və uzunömürlü idman inkişafını təmin etmək olmalıdır. Erkən yaşlarda nəticəyə həddindən artıq fokuslanma uşağın həm gələcək idman karyerası, həm də fiziki və psixoloji sağlamlığı üçün risk yaradır. Buna görə də uşaq idmanında düzgün planlaşdırılmış, çoxşaxəli və mərhələli hazırlıq sistemi uzunmüddətli uğurun əsas şərti kimi qəbul edilməlidir.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: