AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının 18-ci turunda baş verənlərə hüquqi qiymət verib. Futbolinfo.az xəbər verir ki, AZAL – "Neftçi" (2:1) qarşılaşmasından sonra qonaq komandanın vitse-prezidenti Tahir Süleymanov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb.
Məsələ ilə bağlı vitse-prezidentin fikirlərini öyrəndik. Saytımıza açıqlamasında Süleymanov qərarla razılaşdığını bildirib: "İntizam Komitəsi hakimlərin idarəçiliyi ilə bağlı Hakimlər Komitəsi qarşısında məsələlərin araşdırılması qərarını çıxarmalı idi. İstər futbolçularımız, istərsə də özümüzün bu həddə çatdırılmasının yeganə səbəbi meydandakı idarəçilik idi. Mən qərara hörmətlə yanaşıram və İK-nın bu qərarından razıyam. Öz adımdan deyə bilərəm ki, hər hansı bir apelyasiya şikayəti verilməyəcək. Qayda hamı üçün eynidi".
Bundan başqa "Neftçi" rəsmisi AZAL-la oyunda hakimlikdən narazı qaldığını dilə gətirib: "Hakim səhvlərindən futbol ictimaiyyəti də xəbərdardı. Birbaşa oyunun nəticəsinə təsir edəcək idarəçilik var idi. Hər kəs bunu bilir. Yeganə iradımız hakimliklə bağlı ölüçlərin götürülməməsidi. Bir daha vurğulamaq istəyirəm ki, "Neftçi"ni bu həddə çatdıran idarəçilik oldu. Hakimliyin biabırçı idarəçiliyi ilə bağlı qərar verilməyib. Biz də bununla razılaşa bilmərik. "Neftçi"nin 3 xalı əlindən alındı. Əgər rəqib qapıçıya qırmızı vərəqə verilsəydi, o zaman "Neftçi" 9 nəfərlə yox, rəqib 10 nəfərlə qalacaqdı və oyun bitmiş hesab olunacaqdı. Hakim biabırçılığı göz qabağındadı. Fasilədən sonrakı hakim özbaşınalığının qarşısını almaq lazımdı".





