“Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Yarımmüdafiəçi 1:1 hesabı ilə bitən görüşdən sonra əsasən hakimlər haqqında danışıb.

– Məncə, futboldan danışmağın yeri yoxdur. Çünki başa düşürük ki, futbol oynamırıq, hakimlərə qarşı oynayırıq. Artıq neçənci dəfədir eyni hal yaşanır. Hər oyunun sonunda top cərimə meydançamıza göndəriləndə gözləyirik ki, hakim qələbə qazanmamağımız üçün nəsə edəcək. Yenə də çalışırıq, xarakter nümayiş etdiririk, lakin bu gedişlə bizə çətin olacaq. Bütün hallarda avrokuboklara yollanmağa çalışırıq. İndi yenə çıxıb deyəcəklər ki, qapıçı epizodu görürdü. Ofsayd başqa necə olur, bilmirik. Dirsəklə zərbə necə olur, onu da bilmirik. Gah deyirlər dirsək penaltidir, gah deyirlər penalti deyil… Davam edirik, başa düşdük ki, nə qədər yaxşı oynasaq da, bizə çətinlik yaradacaqlar.

– Belə çıxır ki, hər oyunda “Neftçi” minimum 2-3 qol vurmalıdır?

– Bəli, görünən odur. Lakin “Zirə” elə komanda deyil ki, onlara rahatlıqla 2-3 qol vurasan. Ümumiyyətlə, VAR nə üçün lazımdır, başa düşmürəm. VAR-ı yığışdırmaq lazımdır. Bugünkü matçda VAR-da oturan kimdir, bilmirəm. VAR nəyə, kimə lazımdır?

– Dedilər ki, guya Ruan Renato çox kənarda idi və qapıçının baxış bucağını kəsmirdi…

– Hakim ofsayd olduğunu görmürsə, kordur. Gözlərində problem var.

– Özünüz də qeyd etdiniz ki, artıq neçənci dəfədir bu hal təkrarlanır, lakin dəyişən heç nə yoxdur, çempionat isə bitir artıq. Sizcə, bu, nə vaxta kimi davam edəcək?

– Biz qələbə qazanmaq üçün əlimizdən gələni edirik. Görünən isə odur ki, bir qolla qələbə qazana bilmərik. Gərək 3-4 qol vuraq. Özünüz hər şeyi görürsünüz də… VAR-da oturan hakim oyunu həll elədi.

– Qoldan sonra yaşanan qalmaqal nə ilə bağlı oldu?

– Junior Martins hörmətsizlik elədi. Qol vurulduqdan sonra düz gəlib qarşımızda sevinməyə başladı. Hər şey də ondan sonra oldu.

– Matçdan sonra Rəşad Sadıqov futbolçularının hərəkətinə görə “Neftçi”dən üzr istədi.

– Çox sağ olsun. Bizim üçün də baş verənlər elə meydanda da qaldı.

– Breno Almeydaya, Yuri Verniduba qırmızı vərəqə verildi. Bu itkilər “Qarabağ”la oyunda “Neftçi”yə nə dərəcədə təsir göstərəcək?

– Hakim bizə vərəqələri paylayırdı. Rəqibdən qırmızı alan oldu?

– “Zirə”dən köməkçi məşqçi Ağabala Ramazanova da qırmızı vərəqə göstərildi.

– Oyunçulara vermirlər. Ancaq bizim futbolçulara qırmızı vərəqə göstərilməlidir. Onlar bizim qabağımızda sevinsinlər, qırmızı vərəqələr isə bizə verilsin.

– Düşünürsünüz ki, bu bilərəkdəndir?

– Bilmirəm bilərəkdəndir, ya yox, lakin görünən odur ki, bizə qırmızı vərəqələr göstərilir, oyunun vaxtı dəyişdirilir, indi isə məcburuq dörd gündən bir vacib oyuna çıxaq. Belə görürəm ki, “Neftçi”ni düşünən yoxdur. Özümüz ancaq özümüzü düşünməliyik (qol.az).

Shares: