AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 28-ci turunda keçirilən “Zirə” – “Neftçi” oyununda baş verən neqativ hallara hüquqi qiymət verib.

Futbolinfo.az xəbər verir ki, hər iki komandadan 5 nəfər sarı vərəqə aldığı klub klublar hərəyə 700 manat cərimə edilib.

90+6-cı dəqiqədə “Zirə”nin məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 2000 manat ziyana salıb.

Görüş bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” daha 3000 manat cəriməyə məruz qalıb. Dəymiş zərər klub tərəfindən qarşılanacaq.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub və onun köməkçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıblar. “Ağ-qaralar” hər məşqçiyə görə əlavə 5000 manat cərimə ilə üzləşib.

Bundan başqa, “Neftçi”nin futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq. Klub isə buna görə 3000 manat cərimə olunub.

Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimələnib. Həmçinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Neftçi” daha 4500 manat ziyana düşüb.

Shares: