Azərbaycan Kubokunda ilk finalçı qolsuz matçın yekununda bəlli oldu. Qalmaqallı ilk qarşılaşmanın cavabında revanşı bacarmayan “Turan Tovuz”un avrokuboka vəsiqəni çempionat yolu ilə təmin etməsi gərəkəcək.

“Zirə” ilk matçda əldə etdiyi 2:0 hesablı üstünlükdən məharətlə yararlandı. Taktiki cəhətdən düzgün oynayan qəsəbə təmsilçisi etibarlı müdafiə qurub rəqibin səhvini gözlədi. Buraxılacaq bir topun daha böyük fərqə çevriləcəyni və bunun əvəzini çıxmağın mümkünsüzlüyünü anlayan tovuzular isə daha diqqətli olmağa çalışdı. Yalnız matçın sonunda tam qüvvəylə irəli atılan qərblilər hesabı açmağa, daha sonra rəqibin təşvişə düşməsindən istifadə edərək ümumi hesabı bərabərləşdirməyə ümid edirdi. Lakin hər şey meydan sahiblərinin planlaşdırdığı kimi alındı.

İlk oyunda hakimlər nəticəyə təsir edən ciddi səhvlər buraxmışdı. Dünən də doğru olmayan qərarlar var idi. Xüsusilə Rəhim Sadıxovun 86-cı dəqiqədə qırmızı yox, sarı vərəqə alması müzakirə mövzusudur. Oyun “Zirə”nin istədiyi kimi bitdiyindən indi bu barədə danışmağa ehtiyac duyulmur. Bəlkə də hakimlər bununla ilk oyundakı idarəçiliyi qismən sığortaladı.

Sumqayıtdakı matç fərqli hesabla bitsəydi, yəqin dünənki oyun da başqa ab-havada keçərdi. 2:0-dan sonra zirəlilər oyuna nəzarət etməyi bacardı, Kurban Berdıyevsə va-banka getməyi lazım bilmədi. Rusyiyalı mütəxəssis bəlkə də ilk matçdan sonra ümidini itirmişdi və gücü çempionat matçlarına saxlayıb.

Tovuzluların növbəti mövsümdə ən azı Konfrans Liqasında mübarizə aparacağı demək olar dəqiqləşib. Kuboku “Sabah” qazansa, qərblilər ikinci yeri tutsa, Avropa Liqasında oynamaq mümkün olacaq. Amma bu, mümkün variantlar arasında ən az ehtimal ediləndir. Çünki “Qarabağ” gümüş medalçı olmaq üçün mümkün olanı edəcək, üstəlik kubok da titul qazanmaq baxımından prioritetdir.

“Zirə”nin avrokuboka vəsiqəni təmin etmək şansı hər iki cəbhədə davam edir. Çempionatda “Neftçi” ilə gərgin mübarizə gözlənilir. Qəsəbə təmsilçisi 4-cü pilləni qorusa, kubokun finalındakı nəticə yalnız daha yaxşı yarışa yollanmaq baxımından aktual olacaq. Amma komanda 5-ci pilləyə ensə, qəsəbə təmsilçisinin finalda qələbədən başqa yolu qalmayacaq.

Həlledici qarşılaşmadakı rəqib daha çətin olacaq. “Sabah” – “Qarabağ” cütünün qalibini yenmək üçün çox tər tökmək lazımdır. 2 dəfə finalda “Qarabağ”a yenilmiş “Zirə” üçüncü cəhdində tilsimi qırmalıdır.

FƏRİD

Shares: