“Şəfa”nın məşqçisi Zamir Həsənovun futbolinfo.az saytına müsahibəsi

– UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Rusiyanın aparıcı klublarından biri – Moskva ÇSKA-sında bir həftəlik təcrübə proqramında iştirak etdiniz. Bu proses necə baş tutdu? Nəyə görə məhz bu klubu seçdiniz?

– Bildiyiniz kimi, Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində tələblərdən biri ölkə kənarında müəyyən kriteriyalara uyğun olan Pro lisenziyalı məşqçinin yanında təcrübə keçməkdir. Moskva ÇSKA-sını seçməyimdə əsas nüanslar klubun Avropa Liqasının qalibi olması keçmişi və müasir futbolun prinsiplərini tətbiq edən Fabio Çelestini amili idi. Həm də klubda qapıçı məşqçisi kimi həmyerlimiz Dmitri Kramarenkonun çalışması da önəmli rol oynadı. Hüseyn Məhəmmədovun vasitəsilə Kramarenko ilə əlaqə saxladıq. Rəsmi prosedurlardan sonra MOİK klubu bir həftəlik təcrübə keçməyimə icazə verdi.

– ÇSKA-nın baş məşqçisi Fabio Çelestini sizinlə görüşdə hansı bilgiləri paylaşdı? Ümumiyyətlə, bir həftəlik təcrübə proqramında hansı vacib detalları öyrəndiniz?

– Təcrübə müddətində Çelestini ilə səmərəli görüşlərimiz oldu. Oyun və məşq fəlsəfəsi, texniki heyətin idarə olunması, konfliktlərin idarə olunması, həftəlik məşqlərin periodlaşması kimi mövzularda öz təcrübəsini bölüşdü. Məlumatların hamısı öz-özlüyündə dəyərli oldu.

– ÇSKA-nın bir həftəlik məşq prosesini izlədiniz. Diqqətinizi çəkən xüsusi məqamlar oldumu?

– Bəli, diqqətimi çəkən məqamlar oldu. İlk növbədə, texniki heyətin və tibb heyətinin çox böyük olmağını qeyd edərdim. Belə qənaətə gəlmək olur ki, uğur və inkişafın istiqaməti yalnız meydandakı məşqlərdən asılı deyil. Bunun üçün fitness, meydan məşqləri, bərpa və s. yeni tendesiyalardır. Bunları etmək üçün isə kifayət qədər insan resursu və mütəxəssis lazımdır. ÇSKA bu istiqamətlərə yaxşı yatırım edir.

– ÇSKA-nın qapıçı məşqçisi, uzun müddət Azərbaycan millisinin şərəfini qorumuş və yığmada qapıçılar üzrə məşqçi qismində çalışmış Dmitri Kramarenko ilə də görüşdünüz. Onunla aranızda nə kimi danışıqlar oldu? Sizdən Azərbaycan futbolu ilə bağlı nə soruşdu, nə ilə maraqlandı?

– Kramarenkonun baş tutan səfərdə çox böyük köməyi olduğu kimi, onunla söhbət etmək imkanı da əldə etdim. Azərbaycandan getdiyi müddətdən sonrakı proseslərlə bağlı ümumi söhbətimiz oldu. Daha çox Azərbaycan futbolu ilə bağlı keçmiş xatirələrini bölüşdü və buradakı tanışlarına çoxlu salam göndərdi.

– Moskvada Azərbaycan futbolu ilə bağlı ətraflı informasiyaya sahibdirlər?

– Fabio Çelestini ilə Azərbaycan futbolu haqqında danışdıq. Təbii ki, “Qarabağ”ın Çempionlar Liqasındakı uğurları hamının diqqətini cəlb etdiyi kimi, Fabionun da marağına səbəb olub və Azərbaycan futbolunu yüksək qiymətləndirir. Rusiyalı mütəxəssislər isə Azərbaycan futbolu haqda daha çox məlumatlıdırlar. Rusiyalı məşqçilərin müəyyən vaxtlarda Azərbaycan klublarında işləməyi onlarda bu marağı yaradıb.

– Hazırda I Liqada ilk pillədə qərarlaşan “Şəfa” Premyer Liqaya yüksəlmək tapşırığının öhdəsindən böyük ölçüdə gəlib. Sizcə, komanda elitada da iddialı ola biləcəkmi?

– Hazırda I Liqada ilk pillədə qərarlaşmışıq. Çempionatın sonuna 4 tur qalıb və hələ çempionluğu rəsmiləşdirməmişik. İnşallah, buna nail olarıq. Komandanın elitada da iddialı olmağı yalnız bir nüansdan asılı deyil. Burada bir neçə istiqamətdə hazır olmalısan. İnşallah ki, I Liqada çempionluq rəsmiləşəndən sonra bu istiqamətdə planlar qurulacaq və ondan sonra komandanın strategiyası məlum olacaq.

– Məşqçi kimi gələcək planlarınız nədən ibarətdir? Sizi yaxın gələcəkdə Premyer Liqada baş məşqçi kimi görə bilərik?

– Ətrafımda olan hər kəs bilir ki, daha çox baş məşqçi kimi işləmək niyyətim var. Amma ideyalarımı, planlarımı həyata keçirmək üçün bu niyyətdə olan və mənə təklif göndərən klub da olmalıdır. Hazırda “Şəfa”da köməkçi məşqçi kimi fəaliyyət göstərirəm. Gənc olmasına baxmayaraq, Elgiz Kərəmli kimi perspektivli, ambisiyalı bir məşqçi ilə çalışmaq mənə xoşdur. Baş məşqçi ilə fikirlərimiz çox vaxt üst-üstə düşür. Fikrimcə, bir-birimizi yaxşı tamamlayırıq.

FƏRİD

Shares: