U-20 yığmamızın Qəbələdə keçirilən təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki AFFA-nın dəvəti ilə təşkil olunan hazırlıq prosesində media nümayəndələri də iştirak ediblər. Qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev brifinq zamanı jurnalistlərin suallarını cavablandırıb.

Komandanın hazırlıqları aprelin 13-dən başlayıb. Sabah toplanışın son günüdür. İki futbolçumuz zədə ilə üzləşdi – biri məşqlərdən öncə, digəri isə hazırlıq zamanı. Proses davam edir. Sabah son məşq keçiriləcək və bu hazırlıq gələcək planlar üçün də əhəmiyyət daşıyır.

  • Növbəti toplanış harada keçiriləcək?
  • Gələn ayın sonuna doğru yenidən Qəbələdə, təxminən iki həftəlik hazırlıq planlaşdırılır.
  • Yoxlama oyunları ilə bağlı nə deyə bilərsiniz?
  • Diqqət yetirmisinizsə, bu dəfə yoxlama görüşü olmadı. Bu, məşqçilər heyətinin istəyi ilə belə təşkil olundu. Daha çox tanışlıq xarakterli toplanış idi. Növbəti mərhələdə yoxlama oyunu keçirilməsi mümkündür. Rəqiblərlə bağlı qərar isə bu toplanışdan sonra veriləcək – istər yerli, istərsə də xarici komandalar ola bilər.
  • Dünya çempionatına hazırlıq hansı mərhələdədir?
  • İşlər davam edir. Dövlət qurumları ilə koordinasiya saxlanılır. FİFA prosesə nəzarət edir. Hələlik detallı məlumat yoxdur. Turnirin 2027-ci ilin sentyabrın ortaları – oktyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.
  • Futbolçuların oyun təcrübəsinin artırılması üçün hansı addımlar nəzərdə tutulur?
  • Baza-klub məsələsi gündəmdə deyil. Əvəzedicilər liqasının ləğvi ilə bağlı PFL ilə müzakirələr aparılıb, çempionatlar müvəqqəti dayandırılıb. Hələ yekun qərar yoxdur, amma formatda dəyişiklik mümkündür. Bu, Gənclər Liqasına da aid ola bilər. Bizə 17 aylıq hazırlıq proqramı təqdim olunub və əsas diqqət U-20 komandasına yönəlib. Əgər əvəzedicilər liqası ləğv olunsa, ümumi çempionat sistemində dəyişikliklər gözlənilir.
  • Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı yenilik varmı?
  • Hazırda bu barədə konkret məlumat verə bilmərik.
  • Xaricdə çıxış edən futbolçularla bağlı vəziyyət necədir?
  • Onları dəvət etmişdik, lakin çempionatları davam etdiyi üçün qoşula bilmədilər. Hazırda yalnız “Marcet” akademiyasından bir futbolçu komandaya qatılıb. Türkiyə və İsveçdə oynayanlar var. Almaniyadan da 1-2 yeni futbolçunun qoşulması gözlənilir. Onların Azərbaycanla bağlılığı var, amma hələ sənədləri hazır deyil.
  • Elxan Məmmədovla münasibətləriniz necədir? Sizə köməyi dəyirmi?
  • Müəyyən səviyyədə əlaqə saxlanılır. O, milli assosiasiyalar üzrə departamentə rəhbərlik edir. Dünya çempionatı ilə bağlı da ünsiyyətimiz olur.
  • Final oyununun Azərbaycan və ya Özbəkistanda keçirilməsi sizin üçün nə dərəcədə vacibdir?
  • Bu istiqamətdə qarşı tərəflə də danışıqlar aparılır. AFFA olaraq finalın Azərbaycanda təşkil olunmasını istəyirik.
  • Azərbaycan kubokunun yarımfinalından sonra hakim qərarları ilə bağlı nə deyə bilərsiniz?
  • Xahiş edirəm, bu mövzuda danışmayaq. Yalnız dünya çempionatı və U-20 yığması ilə bağlı suallara fokuslanaq.

    GÜNAY SÜLEYMANOVA
Shares: