“Real” son iki mövsümdə oyunçularının aldığı çoxsaylı zədələrdən narahatdır. Madridlilərdə bu müddətdə 100-dən çox zədə baş verib.

Dünən İspaniya nəhənginin müdafiəçisi Eder Militaonun bud zədəsinin residivindən sonra əməliyyat olunacağı və təxminən beş ay meydanlardan kənarda qalacağı, hücumçu Kilian Mbappenin isə mövsümün qalan hissəsini buraxa biləcəyi açıqlanıb.

Ümumilikdə, “Real” oyunçuları bu mövsüm 55 zədə alıblar, ötən mövsüm isə bu rəqəm 63 olub. Müqayisə üçün, son iki mövsümdə “Atletiko”da bu rəqəm 65, “Barselona”da isə 82-yə bərabər olub.

“Real”ın oyunçuları ən çox noyabr ayında zədə alıblar – 11. Oktyabr, dekabr, yanvar və fevral aylarının hər birində 7 zədə baş verib. Yalnız Vinisius Junior, Fran Qarsiya, Qonzalo Qarsiya Torres və Brahim Diaz bu mövsüm zədələnməyiblər.

“Real”ın 13 oyunçusu zədə səbəbindən 50 gündən çoxunu buraxıb, onlardan səkkizi 100 gündən çoxdur ki, meydana çıxa bilmir. Klub bunun təsadüf olmadığını düşünür.

Xatırladaq ki, yanvar ayında “Real” zədə vəziyyətini həll etmək üçün Niko Mihiçi klubun tibb şöbəsinin yeni rəhbəri təyin etmişdi.

Shares: