Azərbaycan avarçəkənləri Mingəçevirdə davam edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında daha 2 medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, təmsilçilərimizdən Əlimurad Hacızadə ötən gün olduğu kimi yenə gümüş medala sahib çıxıb.
O, (2008-2009 təvəllüdlü idmançılar) birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub.
Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü isə ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar ) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.
Xatırladaq ki, Ə.Hacızadə dünən birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.






