“Qəbələ”nin qapıçısı Rza Cəfərovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 30-cu turunda “Zirə”yə 0:1 hesabı ilə uduzdunuz. Matç haqqında fikirlərin necədir?
– Görüşə çox ciddi hazırlaşmışdıq, çünki turnir cədvəlindəki yerimiz heç birimizi qane etmir. Düşünürəm ki, komanda olaraq, xüsusilə də ilk hissədə çox yaxşı təsir bağışladıq. Rəqib qapısı qarşısında yaxşı epizodlarımız oldu, təəssüf ki, yararlana bilmədik. Daha sonra ani diqqətsizlikdən qapımızda qol gördük.
– Ümumiyyətlə, “Qəbələ” həmişə olduğu kimi yenə ilk hissədə yaxşı çıxış etdi, qol epizodlarını sağa-sola xərclədi. Bu, sizi daha çox məyus edir? Zəif oynayıb uduzsanız, bu qədər təsir edər?
– İlk sualda da qeyd etdiyim kimi, demək olar ki, bütün oyunlarda rəqiblərlə başabaş mübarizə aparırıq, hətta üstün olduğumuz dəqiqələr də olur. Amma vacib olan qolları vura bilmirik. Buna baxmayaraq, dayanmaq olmaz. Qarşıda 3 final oyunumuz var və bütün gücümüzlə bu oyunlardan müsbət nəticə ilə ayrılmağa çalışacağıq.
– “Qəbələ”nin artıq yuxarı pillələrə qalxacağı inandırıcı görünmür. Sən necə düşünürsən?
– Qarşıda bizi 3 final oyunu gözləyir. Bu görüşlərdən maksimum nəticə ilə ayrılmaq istəyirik.
– “Karvan-Yevlax” da artıq sizə yaxınlaşır. Aranızda cəmi 6 xallıq fərq var. Bu məqam üzərinizdə təzyiq yaradır?
– Bizi yalnız öz oyunlarımız maraqlandırır. Hər şey öz əlimizdədir. Düşünürəm ki, qarşımıza qoyulan hədəfin öhdəsindən gələcəyik.
– “Qəbələ”yə icarə əsasında getsən də, yaxşı çıxış etsən də, baş məşqçi daimi olaraq sənə şans vermir. Bu, səni narahat etmir?
– Heç bir komandada heç bir oyunçuya əsas heyətdə oynayacağına dair zəmanət verilmir. Futbol rəqabət oyunudur və bu da hər birimizin inkişafına gətirib çıxarır.
– Növbəti oyun evdə “Qarabağ”a qarşıdır. 3 xal “Qarabağ”a da vacibdir…
– Əlbəttə, bizi çətin görüş gözləyir. Yenə deyirəm, qarşıda 3 çox vacib oyuna çıxacağıq və maksimum xal toplamağa çalışacağıq.
– Mövsümün sonuna az qalıb. Böyük ehtimalla “Neftçi”yə qayıdacaqsan. “Qəbələ”də qalmaq istəyirsən?
– Bu haqda danışmaq hələ tezdir. Mənim üçün vacib olan hazırda “Qəbələ” ilə qarşıya qoyulmuş hədəfə çatmaqdır. Digər proseslər haqqında isə düşünürəm ki, daha sonra danışmaq olar.
FƏRİD





