Novak Cokoviç, Yannik Sinner, Arina Sabalenka və Koko Qauff da daxil olmaqla, ATP və WTA-nın ən yaxşı iyirmiliyindəki tennisçilər “Rolan Qarros”dakı mükafat fondunun səviyyəsindən məyus olduqlarını bildirən birgə bəyanat yayıblar.
“The Guardian” qəzetinin məlumatına görə, ötən həftə turnirin təşkilatçıları mükafat fondunun 9,5% artırılaraq 61,7 milyon avroya çatdığını, tək yarışların qaliblərinin isə hərəyə 2,8 milyon avro qazanacaqlarını açıqlamışdı.
“2025-ci ildə “Rolan Qarros” 395 milyon avro gəlir əldə etdi ki, bu da əvvəlki ilə nisbətən 14% artım deməkdir, lakin mükafat fondu cəmi 5,4% artıb. Bundan başqa, oyunçuların bir ildir ki, qaldırdıqları struktur problemlərini həll etmək üçün heç bir iş görülmür. Oyunçuların rifahı ilə bağlı heç bir dialoq aparılmayıb”, – deyə bəyanatda deyilir.
Xatırladaq ki, ötən ilin aprel ayında ən yaxşı 20 oyunçu “Böyük dəbilqə” təşkilatçılarına mükafat fondunun əhəmiyyətli dərəcədə artırılmasını tələb edən məktub imzalayıb göndərmişdi.
Sentyabr ayında oyunçular ikinci məktub göndərərək oyunçuların gəlir payının 2030-cu ilə qədər hazırkı 16%-dən 22%-ə qaldırılmasını, eləcə də təqaüd və səhiyyə üçün illik ödənişlər tələbini etmişdilər.






