“Hər uğurlu nəticə bizə ruh yüksəkliyi qazandırır. Düzdür, çempionluğu təmin edə bilmədik və bu, bizi məyus edir. Amma qarşıda əsas məqsədimiz ikinci yeri qorumaqdır. Hər oyundan nəticə çıxarırıq, səhvlərimizi analiz edirik. Növbəti mövsümdə rəqabətin daha da artacağını gözləyirik və artıq indidən çempionluq uğrunda mübarizəyə hazırlaşırıq. Hazırda üçüncü pillə ilə aramızda 6 xal fərqi var, lakin mübarizənin hələ bitmədiyini yaxşı anlayırıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Leandro Andrade deyib.
Portuqaliyalı yarımmüdafiəçi “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni və oyunda vurduğu qolu da dəyərləndirib: “Turnir cədvəlində xal fərqi az idi və bizi çətin oyunun gözlədiyini bilirdik. Matça ciddi hazırlaşmışdıq. Belə rəqiblərə qarşı oynamaq hər zaman çətin olur. Qol vurduğum üçün sevinirəm. Bu, karyeramda cərimə zərbəsindən ilk qolumdur və mənim üçün xüsusi an oldu. Üstəlik, hesabı açmağım sevincimi daha da artırdı. Komandamı önə çıxarmaq mənim üçün çox önəmlidir. Məşqlərdən sonra bəzən bu cür zərbələr üzərində işləyirəm və fərdi məşqlərə də vaxt ayırıram”.
Andrade oyunun ilk hissəsində komandanın istənilən səviyyədə çıxış etməməsini “Neftçi” ilə əvvəlki matçdakı məğlubiyyətlə əlaqələndirməyib: “Neftçi”yə məğlubiyyət bizə psixoloji baxımdan təsir etmədi. Xal itirsək də, diqqətimizi növbəti oyunlara yönəltmişik. Əksinə, səhvlərimizi düzəltmək üçün daha çox çalışırıq. Hazırda çətin mərhələdəyik, amma bu da komanda üçün vacib təcrübədir. Gələcəkdə eyni səhvləri təkrarlamamalıyıq. Rəqib ilk hissədə çox yaxşı müdafiə olunurdu, buna görə istədiyimizi edə bilmədik. Hər oyunda erkən qol vurmaq mümkün olmur. Ümumilikdə isə yaxşı oyun keçirdiyimizi düşünürəm”.
O, növbəti turda “Qəbələ” ilə keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb və bu matçın asan keçməyəcəyini vurğulayıb: “Bu oyuna asan yanaşmaq olmaz. “Qəbələ” sürətli və hücumda keyfiyyətli futbolçulara malikdir. Komanda yaxşı hazırlaşıb və güclü məşqçi heyəti var. Üstəlik, səfər oyunları hər zaman çətin keçir. Son matçlarında “Zirə” yalnız oyunun sonlarında qol vuraraq qələbə qazandı. Bu da onu göstərir ki, bizi ciddi və çətin qarşılaşma gözləyir”.
GÜNAY SÜLEYMANOVA






