“Neftçi”nin yarımmüdafiəçisi Elvin Camalov futbolinfo.az saytına müsahibə verib. 31 yaşlı oyunçu həm komandası, həm də gələcək karyerası ilə bağlı sualları cavablandırıb.
– Ötən tur səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub etdiniz. Həmin görüşü necə şərh edərdiniz?
– İlk hissəyə o qədər də yaxşı başlamamışdıq. Amma sonradan qol epizodundan yararlandıq. Bundan sonra daha yaxşı çıxış etdik. Bilirdik ki, səfərdə, bu cür meydançada və isti hava şəraitində asan olmayacaq. Həmçinin “Karvan-Yevlax”ın müdafiə futbolu oynadığını da bilirdik. Bütün komanda olaraq ciddi şəkildə hazırlaşdıq və öhdəsindən gəldik. Əsas odur ki, bizim üçün vacib 3 xalı qazandıq.
– Çempionatın sonu yaxınlaşdıqca futbolçularda avrokuboklara yollanmaq üçün motivasiya artır?
– Çox yaxşı kollektivimiz var. Bütün oyunçular hər oyunun əhəmiyyətini anlayır.
– Dördüncülük uğrunda “Zirə” ilə yarışırsınız, yəni avrokubok şanslarınız bərabər sayılır. Azərbaycan Kubokunun finalında keçiriləcək “Sabah” – “Zirə” oyunundan gözləntiləriniz nədir?
– Layiq olan qazansın. Hər hansı fikir bildirmək doğru olmaz. Bizim hazırda əsas fikrimiz “Neftçi” ilə bağlıdır. Mövsümü dördüncü pillədə başa vurub Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Düşüncələrimiz bu yöndədir.
– Uzun müddət kapitanı olduğunuz sabiq klubunuz “Sabah” tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının çempionu oldu. Hətta “qızıl dubl” da edə bilər…
– Əlbəttə, “Sabah”ı təbrik edirəm. Məncə, çempion olmağa layiq idilər. Yenə də qeyd edim ki, mənim düşüncəm hazırda sırf “Neftçi” ilə bağlıdır və bir yüksəliş yaşayırıq. Bunu sona qədər qoruyub saxlamaq istəyirik.
– Gələcəyinizlə bağlı nə düşünürsünüz?
– Hazırda “Neftçi”dəyəm, qarşıda 3 mühüm oyunumuz var. Mövsümün sonunu gözləyirəm. İlk növbədə bu klubda qalmağı düşünürəm. Mövsümün sonunda rəhbərliklə danışdıqdan sonra bir nəticəyə gələcəyik. Təbii ki, “Neftçi” ilə davam etmək istəyərəm. Necə olacağını zaman göstərəcək.
– Cari mövsüm “Neftçi”də az şans qazandınız. Mövqeyinizdə digər futbolçulara uduzmağınızın səbəbi nədir?
– Futbolçu elədir ki, nə qədər məşq etsə də, formada qalmaq üçün daim oynamalıdır. Düzdür, daha az şans qazanıram. Məşqlərdə əlimdən gələni edirəm ki, daha çox oyun dəqiqəsi alım. Yuri Vernidub da sağ olsun, bacardığı qədər mənə şans verir. Çünki orta xətdə rəqabət çoxdur. Mövqeyimdə mübarizə güclüdür. Baş məşqçi mümkün qədər şans verir. Şanslardan maksimum istifadə edib, burada qalmaq istəyirəm. Qala bilməsəm də, göz önündə olmalıyam ki, digər komandalardan təklif alım.
– Legioner limitinin ləğv edilməsinin sizinlə yanaşı bir çox yerli futbolçulara mənfi təsir etdiyini demək olarmı?
– Düşünürəm ki, bütün yerli futbolçulara təsir göstərdi, mənə də. Bu baxımdan az şans qazandım. Legioner limiti olsaydı, fikrimcə, daha çox şans qazanardım. Amma əlimdən gələni edirəm ki, daha çox meydanda olum.
– Millinin toplanışı yaxınlaşır. Uzun müddətdir dəvət almırsınız. Növbəti toplanışda dəvət gözləyirsiniz?
– Millidə oynamaq hər bir futbolçunun arzusudur. Çoxdandır yığmaya çağırılmıram. Həqiqətən də milliyə stabil dəvət alanda insan bunu o qədər hiss etmir. Düzdür, millinin dəyərlərini bilirik, məsuliyyətini dərk edirik. Sadəcə, uzun müddət dəvət olunmayanda insan istəyir ki, millidə olsun, uğrunda mübarizə aparsın. Hazırda uzun müddətdir çağırılmıram. Amma reallığı desək, gərək klubumda daha çox şans qazanım ki, yığmaya da dəvət alım. Ona görə maksimum çalışmalıyam. Məncə, hər bir futbolçunun arzusu milliyə dəvət olunmaqdır.
ABBAS






