“Karvan-Yevlax” üçün gözlənilən sonluq 31-ci turda çatdı. Mövsümü uğursuz keçirən bölgə təmsilçisi 3-cü dövrədə ümidlənsə də, boyundan hündürə tullana bilmədi.

Bölgə təmsilçisi startdaca səhvlər etdi. Heyətin düzgün komplektləşdirilməməsi, Kənan Kərimovun rəhbər kreslosunun ağırlığını qaldıra bilməməsi, özünü bir qayda olaraq meydana endirməsi, məşqçilərin işinə qarışması bərbad sonluğa səbəb oldu. Yevlaxlıların baş məşqçi postundakı səliqəsiz dəyişikliyi də ümumi ab-havanı pozdu.

“Karvan-Yevlax”ın Premyer Liqadakı dönəmdə yeganə qazancı yerli stadionu təmir etməsi, onu ölkə futboluna qaytarmasıdır. I Liqada işə düzgün yanaşma olsa, komanda tezliklə elitaya qayıdıb artmış təcrübəsi ilə daha yaxşı çıxış edə biləcək.

Turun son gününün digər məğlubu “Şamaxı” üçün isə mövsüm daha erkən bitib. Ardıcıl böyükhesablı məğlubiyyətlər komandanın əvvəlki əzmkar oyunundan əsər-əlamət qalmadığını göstərir. Bunu futbolçuların özünü qorumaq istəyi ilə də bağlamaq olar. Mövsümün tapşırığı yerinə yetirilib və indi heç kim özünü riskə atmır. Ötən tur David Santosun ağır zədə almasından sonra sanki oyunçularda qorxu yaranıb. Əksəriyyətin müqaviləsi başa çatır və yayda başqa klub axtaracaqlar. Bu səbəbdən onların karyerasını düşünməsi haradasa başadüşüləndir.

“Turan Tovuz” üçün də növbəti iki tur formal xarakter daşıyacaq. Düzdür, komandanın ikinci pilləni tutmaq üçün şansı qalıb. Lakin qərblilər də anlayır ki, “Qarabağ” hər iki oyunda büdrəyəcək komanda deyil.

Hazırda tovuzlular avrokuboklara vəsiqəni rəsmiləşdirməyin sevincini yaşayır. Ötən mövsüm məsuliyyətsizlik üzündən şansın əldən verilməsi yaxşı dərs oldu. Bu il klub səviyyəsində daha önəmli işlər görüldü, Kurban Berdıyev də Azərbaycan reallıqlarını əzbərləyib işində tətbiq etdi. Ölkəmizin qitə yarışlarındakı ilk nümayəndəsi olan Tovuz təmsilçisinin bu dəfə başqa adla beynəlxalq arenaya dönüşünün uğurlu olacağına ümid edirik.

Avropaya gedəcək 3 komanda bəllidir. 4-cünün adına isə may ayı ərzində aydınlıq gələcək. Bu həftə “Zirə” ölkə kubokunu qazansa, qalan iki tur formallığa çevriləcək; “Sabah” “Qızıl dubl” u rəsmiləşdirsə, vəziyyət dəyişəcək. “Neftçi” məhz çempionun digər titulu da əldə etməsi arzusu ilə çempionat matçlarına çıxır. Bakılılar öz işini görüb qismətini gözləmək niyyətindədir. Bunun üçün 4-cü pillədə möhkəmlənmək şərtdir.

Dünən “Şamaxı” üzərində qələbə “Zirə” ilə xal fərqinin üçə çıxmasına şərait yaratdı. Flaqmanın növbəti iki matçda bir heç-heçə etmək şansı da var. Amma kubokda “Neftçi”nin arzulamadığı ssenari reallaşsa, Yuri Vernidubun gəlişindən sonra izlədiymiz dirçəliş xoş xatirəyə çevriləcək.

ABBAS

Shares: