“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri matçdan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:
“Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik.
Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə, klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə öz ürəyini qoydu. Bu müddət ərzində harda oynamağımızdan asılı olmayaraq, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur, avrokuboklara gedirik.
Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxır ki, klub avrokuboklarda oynayır, ya yox. İndi asan olacaq.
Növbəti mövsüm Premyer Liqada hədəfin nə olacağı barədə indidən danışmaq çətin olar. Bu, nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, “Sabah” güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər “Sabah”ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu”.






