“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyət haqda bunu deyib:
“Neftçi”ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar üçün final oyunudur.
Son oyunları gözləyirik. Bilirik ki, bəzi klublar üçün son oyunlar formal xarakter daşıyır. Bəzi oyunçularımızı da bu gün meydanda görmək istərdik. Təəssüflər olsun. Gələcək oyunlara baxacağıq.
Səhv etmirəmsə, qol buraxmayan komanda olaraq 4 və ya 5-ci yerdə idik. Amma bu gün 3 qol buraxdıq. Futbolçularımız yorulublar, bizim üçün gərgin mövsüm keçir. Oyunçularımız da tətili gözləyirlər. Bunlar da komandaya təsir edir. “Neftçi” üçün isə final oyunu idi və çox motivasiyalı idilər. Amma buna baxmayaraq, komandamız axıra qədər mübarizə apardı, bir məşqçi olaraq, onlardan razıyam.
“Neftçi” son zamanlar çox yaxşı çıxış edir. “Neftçi” bu gün Azərbaycan tarixindədir. “Neftçi”dəki oyunçular Azərbaycan futbolunda lider oyunçulardandırlar.
“Şamaxı”da son iki oyunum qalıb. Ümid edirəm ki, qalibiyyətlə ayrılaram. Başqa klublardan da heç bir təklif, razılaşma olmayıb”.






