Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Sabah”ın 2026-27 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsi üçün püşkatma mərasimində hansı səbətdə qərarlaşacağı müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi səpələnməmişlərin, yəni zəiflərin sırasında yer alacaq.

“Sabah”la yanaşı, “Levski” (Bolqarıstan), “Kauno” (Litva), “İberia” (Gürcüstan), “Tre Fiori” (San Marino) və “Vitebsk”in (Belarus) də püşkatma zamanı səpələnməmişlərdə olacağı dəqiqdir.

Çempionumuzun potensial rəqibləri hələlik “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya). Onlara daha 4 komanda qoşulacaq.

“Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels) və “İnter Eskaldes”in (Andorra) hansı səbətdə olacağı qeyri-müəyyəndir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları 7-8 iyul və 14-15 iyulda olacaq.

Shares: