“Avrokuboklara vəsiqə qazanmağı çox istəyirik. Əsas məqsədimiz budur. Komanda olaraq üzərimizə düşəni maksimum səviyyədə yerinə yetirməyə çalışırıq. Təəssüf ki, avrokuboklara yollanmağımız yalnız özümüzdən asılı deyil”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Sessi DAlmeida deyib.
30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın son turunda doğma meydanda “Şamaxı” üzərində qazanılan 3:0 hesablı qələbəni belə dəyərləndirib: “Yaxşı oyun alındı. Matça fəal başladıq və erkən qol vurmağa nail olduq. Bundan sonra da üstünlük tamamilə bizim tərəfimizdə idi. Ümumiyyətlə, ilk dəqiqədən son fitədək oyuna nəzarət edirdik. Erkən qol komandaya əlavə özünəinam verdi. İkinci hissədə daha iki dəfə fərqləndik və vacib qələbə qazandıq. Əvvəlki iki oyunda “Şamaxı”nı məğlub edə bilməmişdik. Xüsusilə ikinci dövrədəki matçda qələbəyə çox yaxın olmuşduq. Amma artıq geriyə baxmağın mənası yoxdur. Hazırda komandamız yaxşı formadadır və hər qələbə özünəinamımızı daha da artırır. İndi bütün diqqətimizi qarşıdakı son iki tura yönəltmişik”.
DAlmeida ölkə kubokunun finalında “Sabah”a azarkeşlik edəcəyini də gizlətməyib: “Məqsədimiz mövsümü uğurla başa vurmaqdır. Hazırda turnir cədvəlindən çox öz oyunumuza fokuslanmışıq. Qarşıdakı iki matçda da qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Amma kubokun finalında “Sabah”a azarkeşlik edəcəyəm. Çünki avrokuboklara vəsiqə qazanmağımız onların nəticəsindən asılıdır”.
Benin millisinin üzvü gələcək planlarından da danışıb: “Növbəti mövsümlə bağlı planlarımda hər hansı dəyişiklik yoxdur. “Neftçi” ilə daha bir illik müqaviləm var. Burada özümü yaxşı hiss edirəm və hər şey məni qane edir. Yeni mövsümdə də komandamın uğurları üçün əlimdən gələni etməyə davam edəcəyəm”.
GÜNAY SÜLEYMANOVA





