“Brayton”un hücumçusu Kaoru Mitoma Yaponiyanın 2026-cı il Dünya Çempionatı üçün 26 nəfərlik heyətinə daxil edilməyib. Bu barədə BBC məlumat verib.
28 yaşlı futbolçu Premyer Liqanın 36-cı turunda “Brayton”un “Vulverhempton” üzərində 3-0 hesablı qələbə qazandığı oyunda bud əzələsindən zədə alıb. O, çempionatın son iki oyununu buraxacaq.
F qrupunda çıxış edən Yaponiya mundiala iyun 14-də Niderlanda qarşı oyunla başlayacaq, sonra Tunis (21 iyun) və İsveç (26 iyun) ilə üz-üzə gələcək.
“Bu hər kəsdən çox onun özünü incidir. Ümid edirəm ki, bundan sonra mümkün qədər tez sağalacaq və tam gücü ilə qayıdacaq”, – deyə Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu bildirib.
2025/26 mövsümündə Mitoma “Brayton”da 27 matçda üç qol vurub və bir məhsuldar ötürmə edib.
Hücumçunun Yaponiya milli komandasında debütü 2021-ci ilin noyabr ayında baş verib. Komandanın heyətində o, indiyədək 31 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.






