“İmişli”nin yarımmüdafiəçisi Vüsal Qənbərovun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda “Zirə” ilə oyundan (0:0) xalla ayrılmağı bacardınız. Matçı və nəticəni necə dəyərləndirirsiniz?

– Oyun yaxşı keçdi. İlk hissədə hesabı aça bilərdik, amma alınmadı. Məncə, yekunda hər iki komanda üçün ədalətli nəticə qeydə alındı.

– Növbəti turda “Qarabağ”ın qonağı olacaq, son turda isə “Karvan-Yevlax”ı qəbul edəcəksiniz. Son iki görüşdən gözləntiniz nədir?

– Hər iki oyuna ciddi yanaşırıq. Son iki turda da bacardığımız qədər xal toplamaq istəyirik.

– Hazırda 9-cu pillədə qərarlaşan “İmişli”nin mövsümü 8-ci yerdə bitirmək şansı var. Bu imkandan istifadə edə biləcəksiniz?

– Dediyiniz kimi, mövsümün bitməsinə 2 tur qalıb. Turnir cədvəlini hansı pillədə bitirəcəyimizə gəlincə, bizimlə yanaşı, “Şamaxı”dan da çox şey asılıdır. Ümid edirəm ki, sezonu 8-ci yerdə bitirərik.

– Mövsümün gedişində ciddi zədə ilə üzləşdiniz, bu səbəbdən əməliyyat olundunuz. Bu sezon şəxsi performansınızı necə qiymətləndirirsiniz? Zədə olmasaydı, özünü daha yaxşı göstərə bilərdiniz?

– Əslində, sezonu bitirdiyimi düşünürdük. Amma Allaha şükürlər olsun, liqa bitmədən qayıda bildim. Məncə, sezona yaxşı başlamışdım. Zədə olmasaydı, daha çox oynamaq şansı qazana və daha çox yadda qala bilərdim. Amma yenə də şükür edirəm ki, zədədən qayıda bildim.

– Bu mövsüm Premyer Liqada qalmaq uğrunda oynayan və məqsədinə çatan “İmişli” növbəti sezonda daha iddialı çıxış edə bilərmi?

– Fikrimcə, “İmişli” gələn mövsüm daha iddiali ola bilər. Çünki bu sezon güclü komandalardan xallar almağı bacardıq. Bu, potensialımızın olduğunu göstərir.

– Başqa klublardan təklifləriniz varmı? Növbəti mövsümü hansı klubda keçirəcəyinizi müəyyənləşdirmisiniz?

– “İmişli” ilə 1 illik müqaviləm qalıb. Necə olacağını liqa bitəndən sonra biləcəyəm.

FƏRİD

Shares: