“Qarabağ”ın ispan futbolçusu Coni Montielin futbolinfo.az saytına müsahibəsi
– Mövsümü “Qarabağ” üçün ümumilikdə necə dəyərləndirirsən? Komanda ikinci oldu və Avropa Liqasına vəsiqə qazandı.
– Ümumilikdə mövsüm yaxşı keçdi. Təkcə mənfi məqamlara və bu il titul qazana bilməməyimizə fokuslanmaq doğru olmaz. Klub tarixində Avropada keçirdiyimiz ən yaxşı mövsüm oldu. Doğrudur, komanda çox böyük fiziki və mental yorğunluq yaşadı, amma düşünürəm ki, bu təcrübə gələcək üçün klub adına çox faydalı olacaq.
– Bu mövsüm “Qarabağ” həm də Çempionlar Liqasında tarix yazdı. Sizcə, Çempionlar Liqası sizə çox şey verdi, yoxsa çempionluğu aldı?
– Düşünürəm ki, Çempionlar Liqası bizə çox şey qazandırdı. Amma eyni zamanda uzun səfərlər və çox sayda oyun səbəbindən böyük yorğunluq yarandı və bu da bəlkə hansısa titulu qazanmağımıza mane oldu. Buna baxmayaraq, inanıram ki, bu təcrübə gələcəkdə klub üçün çox müsbət rol oynayacaq.
– Çempionlar Liqasında çıxış etdin. Sənin üçün bu nə demək idi? Ümumiyyətlə, əsas mərhələni necə analiz edərsən?
– Çempionlar Liqasında oynamaq hər futbolçu üçün bir arzu və böyük motivasiyadır. Mən də mənə güvənən bütün insanlara təşəkkür edirəm. Komanda demək olar ki, bütün turnir boyu çox yaxşı çıxış etdi və böyük yetkinlik göstərdi. Amma bəzi oyunlarda elə səhvlər etdik ki, bu səviyyədə həmin səhvlər dərhal cəzalandırılır, çünki rəqiblər çox güclüdür. Buna baxmayaraq, ümumilikdə komanda çox yaxşı iş gördü.
– “Qarabağ”a gələndə zədələnsən də, sonradan sağaldın və yaxşı oyunlar keçirdin. Pik formaya çatarkən yenidən zədə aldın. Düşünürsən ki, zədələr sənə mane olur?
– Mən əvvəlki klubumda bir il boyunca oynamamışdım və bilirdim ki, geri dönmək üçün çox çalışmalıyam. Xüsusilə də zədələrdən uzaq qalmaq vacib idi. Özümü ən yaxşı hiss etdiyim vaxtlarda yenidən zədə problemi yaşadım və bu, məni bir az narahat etdi. Amma ümumilikdə mövsüm ərzində özümü yaxşı hiss etdim. Uzun fasilədən və zədədən sonra geri dönmək asan deyil, amma inanıram ki, əgər zədələr məni rahat buraxsa, səviyyəm daha da yüksələcək. Mənim əsas məqsədim hər zaman komandaya kömək etməkdir.
– “Qarabağ” artıq Avropa Liqası və yeni mövsüm üçün planlarını qurur. Özünü növbəti mövsümə daha yaxşı hazırlayacağını düşünürsən?
– Daha çox uğur qazanmaq istəyirəm və bunun üçün çox yaxşı hazırlaşacağam. Təkcə mən yox, bütün komanda yoldaşlarım da qalib gəlmək, ölkənin ən yaxşısı olmaq və Avropada azarkeşlərimizi sevindirmək istəyir.
– Futbol ölkəsindən gələn biri kimi Azərbaycan futbolunu və liqasını necə dəyərləndirirsən?
– Liqa ilə bağlı düşünürəm ki, bəzi inkişaf etməli məqamlar var. Amma ümumi səviyyə yaxşıdır və klublar ambisiyalıdır. Ən vacib məsələ də budur ki, inkişaf davam etsin.
– Hazırda vəziyyətin necədir və özünü necə hiss edirsən?
– Mən çox xoşbəxtəm. Klubla daha bir illik müqaviləm var və Allah istəsə, bundan sonra da əlavə iki il burada davam edəcəyəm.
ABBAS






