“Neftçi”nin rumıniyalı sabiq yarımmüdafiəçisi Marian Aliutanın futbolinfo.az saytına müsahibəsi

– Hansı işlə məşğulsunuz? Futbol sahəsində çalışırsınız?

– Hazırda biznes sahəsindəyəm, eyni zamanda Rumıniyada böyük bir onlayn televiziya ilə müqaviləm var, orada idman analitiki kimi fəaliyyət göstərirəm.

– Azərbaycandakı karyeranızı, “Neftçi”də oynadığınız dövrü necə xatırlayırsınız?

– Azərbaycanla bağlı çox gözəl xatirələrim var. “Neftçi”də keçirdiyim dövr ümumilikdə pis deyildi, amma klub üçün ideal zaman olmadı. Çox çətinliklər oldu, amma eyni zamanda yaxşı anlar da yaşadıq. “Neftçi” böyük klubdur – ehtiraslı azarkeşləri və özünəməxsus atmosferi var.

– “Neftçi”dəki karyeranız uzun çəkməmişdi. Bunun səbəbi nə idi?

– “Neftçi”də iki ilə yaxın qaldım. Amma keçmişdə olduğum səviyyəyə çatmadım. “Neftçi” kimi maddi baxımdan çox yüksək imkanlara sahib bir klubda olmaq yaxşı təcrübə idi, lakin idarəetmə tərəfi zəif idi. Rəhbərlikdə çox dəyişikliklər olurdu və təbii olaraq məşqçilər də tez-tez dəyişirdi. Bu da kluba mənfi təsir göstərirdi. Buna baxmayaraq, çempionluğu qazanmaq üçün potensialımız var idi.

– Azərbaycanda birgə oynadığınız fudbolçulardan kimlərlə əlaqəniz qalıb?

– Hələ də keçmiş komanda yoldaşlarımdan bəziləri ilə əlaqə saxlayıram, xüsusilə də daha yaxın münasibətdə olduqlarımla. Həmyerlilərim Adrian Neaqa və Leonard Naydin, həmçinin Suat Usta və Nazar Bayramovla əlaqəm qalıb. Arada bir-birimizə mesaj yazırıq və həmin dövrü xatırlayırıq. Fürsətdən istifadə edərək “Neftçi”də birlikdə oynadığım bütün azərbaycanlı futbolçulara salam göndərirəm. Hamısı möhtəşəm insan idi.

– Azərbaycanda başınıza gələn maraqlı, gülməli hadisə hansı olub? Ölkəmizdə sizi nə təəccübləndirmişdi?

unnamed - Futbolinfo.az

– Maraqlı bir hadisə olmuşdu. O vaxt gənc yerli futbolçulardan biri vardı, adını xatırlamıram. O görmüşdü ki, biz avropalılar bədəndəki – sinə və ayaqlardakı tükləri ülgüclə qırxırıq. Yəni tərləmə, masaj və sırf idmanla bağlı müəyyən prosedurlar zamanı rahat olsun deyə, epilyasiya edirdik. O da bizi görüb eyni şeyi etmişdi. Amma yaşadığı məhəllədə bunu yanlış başa düşmüşdülər, gülməli vəziyyət yaranmışdı. Neaqa ilə birlikdə bu hadisəyə çox gülmüşdük.

– “Neftçi”nin cari mövsümdəki çıxışı ilə yaxından maraqlanırsınız? Yuri Vernidubun gəlişindən sonra komandanın oyunu barədə hansı fikirdəsiniz?

– Bacardığım qədər komandanı izləyirəm. Adrian Mutunun “Neftçi”ni çalışdırdığı dönəmdən bəri sabiq klubumu daha çox diqqətdə saxlayıram. Vernidubun gəlişindən sonra oyun planında bəzi məqamlarda dəyişiklik hiss olunur – indi daha çox təşkilatlanma və nizam-intizam var. Dəyişikliklər üçün zaman lazımdır, amma görünən odur ki, istiqamət düzgündür.

– Sizcə, “Neftçi” gələn mövsüm çempionluq mübarizəsi apara biləcəkmi?

– Bu, sabitliyə və transferlərə bağlıdır. Əgər stabilliyi qoruyub heyəti gücləndirsələr, növbəti mövsümdə çempionluq mübarizəsi aparmaq üçün real şansları olacaq.

– Həmyerliniz Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postunda fəaliyyəti uğurlu alınmamışdı. Bunun səbəbini nədə görürsünüz?

– Mutu yaxşı futbolçu olub, uzun illər İtaliya çempionatında yüksək səviyyədə oynayıb. Azərbaycandakı baş məşqçi fəaliyyətinin uğurlu alınmamasına gəlincə, “Neftçi”də səbir çatışmır. Nəticə olmayan kimi, dərhal məşqçini göndərirlər, bu isə problem deməkdir. Mutu buna görə “Neftçi”də özünü göstərə bilmədi. Məşqçiyə heç olmasa 2-3 il vaxt vermək lazımdır ki, öz komandasını qursun. Onda nəticə də olacaq. Məşqçiyə lazımi qədər vaxt verilmirsə, onun nəticə qazanması çətinləşir. Son illər bizə klubun idarə olunmasında yenə problemlərin olduğunu göstərdi. Düzgün qərarlar verilmir, daha peşəkar idarəetməyə ehtiyac var. “Neftçi” kimi böyük klub üçün sabitlik vacibdir. “Qarabağ”ın illərdir Avropada uğur qazanması məhz düzgün struktur və sabitlik sayəsində olub. “Neftçi”nin də eyni yola ehtiyacı var.

c6e3440d ef50 4b16 815d d4c08834969e - Futbolinfo.az

– Rumıniya yığmasının dünya çempionatından kənarda qalması, ardınca Mirça Luçeskunun ölümü sizə necə təsir etdi?

– Bu, hər birimizə pis təsir etdi. Milli komanda mənim çox dərindən bağlı olduğum bir mövzudur. Hazırda rumın futbolu çox çətin dövrdən keçir, milli komandalarımızda sistem problemi var. Əgər gənclər yığmasından futbolçu gəlmirsə, böyük səviyyədə uğur qazanmaq mümkün deyil. Uzun müddətdir dünya çempionatına vəsiqə qazana bilmirik. Təəssüf ki, mundialdan kənarda qalmaq artıq bizim üçün normal hal kimi görünür. Amma ümid edirəm ki, Georgi Haci kimi insanlar sistemi dəyişə biləcəklər. O ki qaldı Mirça Luçeskunun ölümünə, o, böyük məşqçi idi və futbola çox şey verdi. Rumıniya üçün çoxlu futbolçular yetişdirdi. Ömrünün sonunadək futbol üçün çalışdı və həyatını bu işə həsr etdi.

ABBAS

Shares: