Türkiyənin “Keçiörengücü” klubunun 16 yaşlı oyunçusu Abdulla Sultanoğlu yol qəzasında ölüb.
Sultanoğlu şənbə günü motosikletinin idarəetməsini itirərək qəzaya düşüb. Ona ilk tibbi yardım göstərilib və sonra xəstəxanaya aparılıb, lakin həkimlər onu həyata qaytara bilməyiblər.
“Gənclərbirliyi”, “Ankaragücü” və digər Türkiyə futbol klubları Sultanoğlunun ölümündən sonra başsağlığı veriblər.
“Keçiörengücü” Türkiyənin ikinci dərəcəli futbol liqasında oynayır. Klub ötən mövsüm yeddinci yeri tutub və Super Liqaya yüksəlmək üçün pley-off mərhələsində iştirak edib. Pley-offun 1/4 finalında Ankara klubu “Çorum”a uduzub (0:1).






