“Qarabağ” Elvin Cəfərquliyevlə bağlı yekun qərarı verib. Baş məşqçi Qurban Qurbanov təkrarlanan intizamsızlıq hərəkətləri üzündən onu və Abbas Hüseynovu bir daha əsas komandaya qaytarmamaq barədə fikrində qətidir.

Futbolinfo.az xəbər verir ki, müdafiəçilərn bir müddət əvəzedici komandada çıxış etdkdən sonra bağışlanacağı ehtimal edilirdi. Lakin Qurbanov həm dəfələrlə güzəşt etdiyi oyunçuların dəyişmədiyini gördüyündən, həm də bunun digərlərinə nümunə olmasını istədiyindən onları əfv etmək niyyətindən uzaqdır.

İndi hər iki cinah oyunçusuna, xüsusilə də Elvinə özünə yeni komanda tapması tövsiyə edilib. “Qarabağ” Cəfərquliyevlə anlaşmaya qarşılıqlı razılıqla xitam vermək niyyətində deyil. O, yalnız tələb olunan transfer haqqı ödənildikdən sonra satılacaq.

Maraqlıdır ki, mövsümün gedişində Elvinin çoxsaylı müştərisinin olduğu deyilsə də, indi heç kim onun üçün hər hansı məbləği ödəmək niyyətində deyil. Həm oyunçunun davranışları, həm də sabit çıxış etməməsi potensial alıcıların fikrini dəyişib. Cəfərquliyev bu gedişlə karyerasını əvəzedici heyətdə davam etdirməli olacaq.

“Qarabağ” yetirməsi olan Elvin 2019/20-ci illər mövsümündə “Sumqayıt”da icarədə olub. Qalan karyerasını Ağdam klubunda keçirən 25 yaşlı oyunçunun hazırkı müqaviləsi gələn yay başa çatacaq. 207-ci ildən “Qarabağ”da olan 30 yaşlı Abbas isə gələn aydan azad agent olacaq.

Shares: