UEFA Çempionlar Liqasının növbəti mövsümünün II təsnifat mərhələsində mübarizəyə başlayacaq 10 komanda müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, həmin komandaların püşkatma zamanı yer alacağı səbət də artıq bəllidir.
Azərbaycan çempionu “Sabah” I raundu keçərsə, növbəti mərhələdə qarşılaşmaq ehtimalı olan klublardan 7-si artıq bilinir. Belə ki, təmsilçimiz turnir uğurlu start götürsə, II raundun püşkatmasında səpələnməmişlərdə qərarlaşacaq.
Valdas Dambrauskasın yetirmələrinin həmin mərhələdəki mümkün rəqibləri “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Slovan” (Slovakiya), “Lex” (Polşa), “Çelye” (Sloveniya), “Omoniya” (Kipr) və “Hapoel”dir (Beer-Şeva, İsrail). Digər 5 potensial rəqib I təsnifat mərhələsinin nəticələrindən asılı olacaq.
“Orxus” (Danimarka), “Tyun” (İsveçrə) və “Myolbü” (İsveç) isə zəiflərin səbətində yer alacağı üçün “Sabah”a rəqib olmayacaqlar.
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq. Bu raundun oyunları 22-23 və 28-29 iyul tarixlərində baş tutacaq.






