Coy-Lens Mikels “Sabah”dakı komanda yoldaşları ilə sağollaşıb. O, mövsümün son oyunundan sonra geri qayıtmamaq ehtimalını nəzərə alaraq vidalaşmağı lazım bilib.

Futbolinfo.az xəbər verir ki, mövsümün bombardiri olan, komandanın “Qızıl dubl” etməsində müstəsna rol oynayan almaniyalı vaz keçə bilmədiyi təklif alıb. Adı açıqlanmayan Türkiyə klubu ona Azərbaycanda qazandığının 3 mislini ödəməyə hazırdır. Bu səbəbdən Mikels getmək haqqında ciddi düşünür. Düzdür, o, yekun qərarını verməyib. Amma 32 yaşlı hücumçu bir də belə təklif ala bilməyəciyinin fərqindədir və gələcəyini düşünmək qərarına gəlib.

“Sabah” liderini itirməmək üçün mümkün fədakarlığa gedib. Klub rəhbərliyi müqaviləsi bitən oyunçunun maaşını 100 faiz artırmaqla ona yeni təklif edib. Bu məbləğ isə bir milyon manatdan çoxdur. Mikels düşünmək üçün vaxt istəyib.

“Sabah”ın Çempionlar Liqası ərəfəsində heyəti qorumaq istəməsi başadüşüləndir. Amma bəlkə də Mikels üçün bu məbləği ödəməyə dəyməz. Mövsüm boyu bir neçə dəfə zədələnən hücumçu oyunların 1/4 hissəsində meydanda olmayıb, komanda isə həmin görüşlərin hamısında qalib gəlib. Bu isə “Sabah”ın Mikelsdən asılı olmadığını, kollektiv oyun sayəsində uğur qazandığını göstərir. Onun yaşını nəzərə alsaq, bəlkə də yeni anlaşmadansa, transferlərə diqqət yetirmək daha yaxşı olar.

Mikels qərarını iyunun ortalarına kimi verməlidir. Baş məşqçi Valdas Dambrauskas Avstriya toplanışı başlayarkən sərəncamında kimlərin olacağını bilmək istəyir.

2021-ci ildə Niderland “Maatstrixt”indən azad agent kimi heyətə qatılan Mikels 2 il sonra Səudiyyə Ərəbistanına yollanmışdı. Hücumçu bir mövsüm “Əl-Faysal”da çıxış etdikdən sonra “Sabah”a qayıdıb.

Shares: