İranın vitse-prezidenti Əbdülkərim Hüseynzadə hücumçu Sərdar Azmunun milli komandaya qoşulmasını istəyir.

31 yaşlı Azmun 2025-ci ilin mart ayından bəri İran milli komandasına çağırılmayıb. O, ölkəni Dünya Çempionatında təmsil edəcək oyunçuların genişləndirilmiş siyahısına daxil edilməyib.

2024-cü ilin iyul ayından bəri hücumçu Birləşmiş Ərəb Əmirliklərinin “Şəbab Əl-Əhli” klubunda oynayır. Onun milli komandadan kənarda qalması BƏƏ şeyxləri ilə paylaşdığı şəkillərlə bağlı ola bilər.

“Sərdar Azmunun bu əlaqəni nümayiş etdirmək üçün etdiyi hərəkətə məhəl qoyulmamalıdır. Mümkün olduqda onu milli komandaya qaytaracağıq. Bu, idman qərarı deyil, milli birlik mesajıdır”, – deyə Hüseynzadə sosial mediada yazıb.

Azmun İran milli komandasında 91 oyun keçirib və 57 qol vurub.

Shares: