“Şəfa” yeni mövsümün hazırlıqlarına start verib. Misli Premyer Liqasının debütantı hələlik komanda quruculuğu ilə məşğuldur. Vacib suallara aydınlıq gəldikdən sonra məşqlərin vaxtı, toplanış proqramı və s. bəlli olacaq.
Futbolinfo.az xəbər verir ki, komandada ilk öncə baş məşqçi məsələsi həllini tapmalıdır. “Şəfa”nı Zaur Həşimovun çalışdıracağı dəqiqdir. Onun təyinatı rəsmən bu həftə açıqlanmalıdır.
Elgiz Kərəmli ilə yolları ayıran klub rəhbərliyi I Liqadakı heyətdən bir neçə oyunçunu düşərgədə saxlayacaq. Digər transferlər isə baş məşqçi təyinatı rəsmiləşdikdən sonra başlayacaq.
“Kəpəz”dən ayrılan Rauf Hüseynli, “Şamaxı” ilə müqaviləsi bitən Arsen Ağcabəyov, “Sabah”la vidalaşan Nicat Mehbalıyev tezliklə “Şəfa”nın oyunçusu olacaq. Daha bir neçə yerli oyunçu ilə danışıqlar davam edir. Klub rəhbərliyi legioner transferi ilə də məşğuldur. Bu həftə bir neçə əcnəbi ilə müzakirələr yekunlaşdırıla bilər.






