2025/26 mövsümü “Sabah” üçün tarixi sezon oldu. Masazır təmsilçisi həm Misli Premyer Liqasını, həm də ölkə kubokunun qalibi adını qazanaraq “qızıl dubl”a imza atdı. “Bayquşlar” illərdir “Qarabağ”a daxili arenada axtardığımız layiqli rəqib missiyasını öz üzərinə götürərək futbolumuza intriqanı qaytardı.
Bəs, necə oldu ki, təməli 2017-ci ildə qoyulan klub cəmi 9 ilin içində bu səviyyəyə gəlib çıxdı, futbolumuza yeni həyəcan gətirdi, baxımlı və gözoxşayan oyununu həm çempionluq, həm də kubokla taclandıra bildi?! Bu yazıda “Sabah”ın inkişaf yoluna, 9 illik fəaliyyətinə nəzər salacağıq…
Birinci Diviziondan start

İlk addımlarını Birinci Divizionda (hazırkı I Liqa) baş məşqçi Arif Əsədovla atan “Sabah” aşağı dəstədə 2017/18 mövsümünü 10 komanda arasında 5-ci pillədə başa vursa da, AFFA-nın lisenziyalaşdırma tələblərinə tam cavab verdiyi üçün növbəti mövsümdən Premyer Liqada oynamaq haqqı əldə etdi. Həmin sezon ilk dəfə Azərbaycan Kubokunda da iştirak edən “bayquşlar” 1/8 finalda Sumqayıta 0:3 hesabı ilə uduzdular.
Premyer Liqada debüt

2018/19 mövsümü “Sabah” üçün Premyer Liqada debütlə əlamətdar oldu. Komanda elitaya yeni çalışdırıcı Elşad Əhmədovun rəhbərliyi altında başladı. Elitadakı ilk oyunda səfərdə “Keşlə” üzərində 1:0 hesablı qələbə qazanıldı. Bu, “bayquşlar”ın yüksək dəstədəki ilk qalibiyyəti kimi tarixə düşdü. Komandanın Premyer Liqadakı ilk qolunun müəllifi isə Marko Deviç oldu. Ukraynalı forvardın ümumilikdə 8 qol vurduğu sezonu “Sabah” 27 xalla, 8 komanda arasında 7-ci pillədə bitirdi.
Elitadakı ilk ildə hədəf Premyer Liqada qalmaq idi, bu missiyanın öhdəsindən gəlindi. Həmin mövsümdə kubokda isə bakılıların yolunu 1/4 finalda “Qəbələ” kəsdi.
Əvvəl 6-cı, sonra 5-ci

2019/20 mövsümündə Azərbaycan Premyer Liqası COVID-19 pandemiyası üzündən vaxtından əvvəl başa çatdırıldı və 20 turdan sonra yaranmış turnir cədvəli yekun nəticə kimi qəbul edildi, son 8 turun oyunları keçirilmədi. 20 tura 21 xal toplayan “Sabah” mövsümü 6-cı pillədə tamamladı. Pandemiya səbəbi ilə həmin sezon qalibin elan edilmədiyi Azərbaycan Kubokunda isə “Sabah” onadək – 1/4 finalda yenə “Qəbələ” ilə duellərdən məğlub ayrılaraq turnirdə mübarizəni dayandırmışdı (0:3, 2:3).
2020/21 və 2021/22 mövsümlərində “Sabah” 8 komandalı liqanı 5-ci pillədə tamamladı. İlk mövsümdə 29 xal, növbəti sezonda isə 41 xal toplanıldı. 2020/21 mövsümündə ölkə kubokunda 1/8 finalda dayanan “bayquşlar” sonrakı sezonda 1/4 finalda turnirlə vidalaşdılar.
Murad Musayev dövrü: gümüş medal və avrokuboklara gediş

Geridə qalan müddətdə baş məşqçi postunda Jelko Sopiç, Visente Qomez və Ramin Quliyev çalışmışdı. 2021-ci ilin oktyabrından “Sabah”da başlayan Murad Musayev dövrü ilə komandanın ciddi inkişafı start götürdü və bu, 2022/23 mövsümünün nəticəsində öz əksini tapdı. “Bayquşlar” həmin sezonda ölkə kubokunda 1/4 finalda mübarizəni dayandırsalar da, 10 komandanın iştirakı ilə keçirilən Misli Premyer Liqasında “Qarabağ”dan sonra ikinci olaraq gümüş medallara sahib çıxdılar. Bununla da Masazır təmsilçisi tarixində ilk dəfə avrokuboklarda oynamaq hüququ qazandı.
Konfrans Liqasının 2023/24 mövsümünün 2-ci təsnifat mərhələsində Latviyanın RFS klubu mübarizədən kənarlaşdırıldı. Musayevin yetirmələri səfərdə 2:0, Bakıda isə 2:1 hesablı qələbəyə sevindilər. Növbəti rəqib Serbiyanın adlı-sanlı “Partizan” klubu oldu. “Sabah” Bakıdakı ilk görüşdə 2:0 hesablı üstünlük əldə etsə də, cavab matçında eyni hesabla uduzdu, qalibi müəyyənləşdirmək üçün keçirilən penaltilər seriyasında isə bəxt serblərin tərəfində oldu.
“Makkabi”yə yaşadılan şok

Azərbaycan çempionatının 2023/24 mövsümünə Murad Musayevlə başlayan “Sabah” sezonu yeni baş məşqçi Krunoslav Renduliçlə tamamladı. Liqanı 3-cü yerdə bitirən “bayquşlar”ın ölkə kubokunda yolunu 1/4 finalda “Qarabağ” kəsdi.
Yenə Konfrans Liqasında iştirak hüququ qazanan bakılılar Hayba “Makkabi”sini mübarizədən kənarlaşdıraraq sürprizə imza atsalar da, növbəti mərhələdə İrlandiyanın “Sent-Patriks Atletik” klubu ilə bacarmadılar.
“Sabah”ın ilk titulu

2024/25 mövsümünün ilk yarısında Renduliçlə yolları ayıran “Sabah” baş məşqçi postuna rusiyalı məşqçi Vasili Berezutskini gətirdi. Həmin mövsüm “bayquşlar” üçün tarixi sezon oldu. Belə ki, paytaxt klubu Premyer Liqanı 5-ci yerdə tamamlasa da, finalda “Qarabağ”a 3:2 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunun qalibi olmağı, bununla da tarixində ilk titulunu qazanmağı bacardı.
“Sabah”a ilk titulu qazandıran Berezutski mövsüm bitdikdən sonra rəhbərliyə yolları ayırmaq istəyini bildirincə, onun istəyi geri çevrilmədi və rəhbərlik çətin məqamda doğru seçim edərək Valdas Dambrauskasla anlaşdı. Litvalı mütəxəssis “bayquşlar”la 3 illik müqaviləyə qol çəkdi, beləcə “Sabah”da Dambrauskas dövrü başladı.
Dambrauskasın gəlişi, birinci çempionluq və “qızıl dubl”

Dambrauskasın debütü Avropa Liqasına təsadüf etdi. I təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubuna qarşı layiqli müqavimət göstərən “Sabah” iki oyunun nəticəsinə görə 5:6 hesabı ilə uduzaraq AL ilə vidalaşdı. Dambrauskas ilk matçlardan komandanın oyununu yüksək səviyyəyə çatdıracağını hiss etdirdi.
Mübarizəni Konfrans Liqasında davam etdirən “bayquşlar” “Petrokub” səddini rahatlıqla keçdilər (2:0, 4:1). Ancaq III təsnifat mərhələsində “Levski” ilə bacarmaq mümkün olmadı. İki oyunun nəticəsinə görə 0:3 hesabı ilə uduzan “Sabah” avrokuboklarla vidalaşdı. Buna baxmayaraq, bu komandanın gələcək vəd etdiyi açıq-aşkar hiss edilirdi.
Elə də oldu və Masazır təmsilçisi 2025/26 sezonunda tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanmaqla yanaşı, ardıcıl ikinci dəfə ölkə kubokuna sahib çıxdı. Təbii ki, “qızıl dubl”da litvalı məşqçinin misilsiz rolu oldu. Dambrauskasın taktiki savadına, məşqçilik bacarığına söz ola bilməz. Ancaq klub rəhbərliyi tərəfindən ona hər bir şəraitin yaradılmasını da xüsusi qeyd etməliyik. Dambrauskasın gəlişindən sonra “nöqtə transferlər” edildi və keyfiyyətli futbolçuların hesabına komandanın bütün boşluqları qısa müddətdə dolduruldu. 49 yaşlı çalışdırıcının razılığı ilə gətirilən Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, Velko Simiç və Aron Maluda əsas heyətin aparıcı üzvünə çevrildilər və qazanılan uğurlarda müstəsna rol oynadılar.
Uğura aparan yol: hamı bir nöqtəyə

“Sabah”ın son mövsümdəki uğurları təsadüfi deyil. “Bayquşlar” buna addım-addım, ilbəil inkişaf edərək nail oldular. Düzdür, Azərbaycan futbolunda son illərdə hegemonluq edən “Qarabağ” Çempionlar Liqasında tarixi uğura imza atdığı sezonda həddən artıq güc sərf etdiyi üçün daxili arenada yorğunluq özünü göstərdi. Amma bu məqam “Sabah”ın uğurunu kiçiltməməlidir. “Bayquşlar”ın “qızıl dubl”u təkcə “Qarabağ”ın yorulması/zəifləməsi məsələsi deyildi, bu həm də “Sabah”ın özünün böyüməsi ilə əlaqədardır. Komandanın uğurunun səbəbi klubun düzgün işlər görməsidir: doğru məşqçi seçimi, tutarlı transferlər, davamlı uğura getmək üçün inadla aparılan mübarizə. Qazanılan nailiyyətlərdə təkcə futbolçuların və məşqçilər korpusunun deyil, həmçinin rəhbərliyin, klubun hər bir işçisinin zəhməti var.
2017-ci ildən etibarən “Sabah”ın prezidenti vəzifəsini icra edən Maqsud Adıgözəlov, baş icraçı direktor Ramin Həsənov, idman direktoru İqor Ponomaryov və “Sabah”ın Müşahidə Şurası üzvlərinin də əməyi xüsusi vurğulanmalıdır.
“Sabah” akademiyası: nəticələr, xarici turnirlərdə iştirak

“Sabah”ın təkcə güclü komanda yox, həm də güclü klub olduğunu başqa məqamlar da təsdiqləyir. Əvəzedici komanda keçən mövsüm olduğu kimi, 2025/26 sezonunda da çempionluq sevinci yaşadı. Bundan əlavə, klubun akademiyası da xoş sözlərə layiqdir. “Sabah”ın aşağı yaş qruplarının ölkədaxili uğurlarını təqdim edirik:
2018/19-cu il mövsümü – 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş (U-11, U-16), 1 bürünc (U-15) medal
2019/20-cu il mövsümü – 1 qızıl (U-17), 1 gümüş (U-19) medal
2020/21-ci il mövsümü – 1 gümüş (U-19) medal.
2021/22-ci il mövsümü – 5 qızıl (U-10, U-12, U-14, U-15, U-16), 2 bürünc (U-11 və U-19) medal
2022/23-cü il mövsümü – 4 qızıl (U-13, U-15, U-16, U-17), 1 gümüş (U-14), 1 bürünc (U-19) medal
2023/24-cü il mövsümü – 2 qızıl (U-17 (qızlar), U-19), 3 gümüş (U-14, U-15, U-17) medal
2024/25-ci il mövsümü – 5 qızıl (U-13, U-15, U-17 (qızlar), U-19, əvəzedici komanda), 1 bürünc (U-14) medal
2025/26-ci il mövsümü – 3 qızıl (U-14, U-16, əvəzedici komanda), 4 gümüş (U-14 (qızlar), U-15, U-17, U-19), 1 bürünc (U-13) medal
“Sabah” Futbol Akademiyası 2019-cu ildən Avropanın tanınan, Xorvatiyanın “Dinamo” Futbol Akademiyası ilə əməkdaşlıq edir. Bu çərçivədə “bayquşlar”ın bir çox yeniyetmə və gənc futbolçusu, həmçinin mütəxəssisləri Zaqreb təmsilçisinin akademiyasında təcrübə keçib. “Sabah”ın aşağı yaş qrupları üzrə komandalarının mütəmadi olaraq xarici turnirlərdə iştirakına da rəhbərlik tərəfindən xüsusi diqqət yetirilir. Aşağı yaş qruplarının son illərdə Gürcüstan, Türkiyə, Xorvatiya, Belarus, İtaliya kimi ölkələrdə müxtəlif turnirlərdə iştirakı da bunu təsdiqləyir. Hazırda “Sabah” Futbol Akademiyasının koordinatoru gürcüstanlı mütəxəssis, UEFA-nın Pro lisenziyasına malik Giorgi Minaşvilidir.
FƏRİD






