“Böyük Dəbilqə” seriyalı “Rolan Qarros” turnirində yarımfinalçılar müəyyənləşib.
Kişilərin 1/4 final mərhələsinin ikinci oyun günündə italiyalı tennisçilər uğur qazanıb. Kanadalı raketka ustası Feliks Ojye-Alyassimlə qarşılaşan Flavio Kobolli ilk setdə məğlub olmasına baxmayaraq, sonrakı 3 bölümdə rəqibinə aman verməyib. Maraqlıdır ki, oyunda 4 setin hamısında 6:4 hesabı qeydə alınıb. Bununla da Kobolli karyerasında ilk dəfə “Dəbilqə” turnirində yarımfinala yüksəlib.
Digər yarımfinal görüşündə isə Matteo Arnaldi həmyerlisi Matteo Berretinini mübarizədən kənarlaşdırıb. Daha doğrusu, ikinci setin gedişində Berrettini zədələndiyini əsas gətirərək yarışdan çəkilib. Bununla da, Arnaldi yarımfinalda Kobollinin rəqibi olub. Bu da o deməkdir ki, tarixdə ilk dəfə “Böyük Dəbilqə” turnirinin yarımfinalında iki italiyalı tennisçi üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə almaniyalı Aleksandr Zverevlə çexiyalı Yakub Menşik münasibətlərinə aydınlıq gətirəcək.
Qadınların yarışında da 1/4 final mərhələsinə yekun vurulub. Maraqlıdır ki, hər iki oyunda senssasiya qeydə alınıb. WTA reytinqinin lideri Arina Sabalenka ilk seti qazandığı oyunda amerikalı Diana Şnayderə uduzub. Özü də son bölümdə belaruslu tennisçi ümumiyyətlə geym qazana bilməyib. Beləliklə də, Şnayder karyerasında ilk dəfə “Dəbilqə” turnirində yarımfinala vəsiqə qazanıb.
Elə polşalı Maya Xvalinska da ilk dəfə finalın bir addımlığında oynamaq imkanı əldə edib. O, rusiyalı Anna Kalinskayadan iki setdə üstün olub. Qadınların yarımfinalında Marta Kostyukla Mirra Andreyeva və Diana Şnayderlə Maya Xvalinska üz-üzə gələcək.






