“Karvan-Yevlax” klubundan ayrılan Rauf Rüstəmli “Sabah”ın əsas komandasına qoşulub. Bu barədə futbolinfo.az saytına 23 yaşlı futbolçu özü açıqlama verib.
Yarlmmüdafiəçi iyunun 17-də komanda ilə birlikdə Avstriyaya yola düşəcəyini qeyd edib: “Hələlik təkliflərim yoxdur. Düzü, toplanışın başlanmasını gözləyirəm. “Sabah”dakı gələcəyimlə bağlı da bundan sonra qərar veriləcək. Amma təlim-məşq toplanışında iştirak edəcəyəm”.
Rüstəmli ilk dəfə Çempionlar Liqasında çıxış etmək şansından da danışıb: “Sabah” ötən mövsüm çox yaxşı çıxış etdi və “qızıl dubl” etdi. Ümid edirəm Avropada da Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcək. Əlbəttə, hər futbolçu Çempionlar Liqasında oynamaq istəyər. Amma hələ bu barədə heç nə deyə bilmərəm. Buna baş məşqçi qərar verəcək”.
O, mövqeyindəki rəqabətdən də söz açıb: “Mövqeyimdə təcrübəli və keyfiyyətli futbolçular var. Onlardan çox şey öyrənə bilərəm. Şans qazanıb-qazanmayacağıma gəlincə, bunun üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Rauf Rüstəmli yanvar ayından “Sabah”ın əvəzedici heyətindən 6 aylıq icarə əsasında “Karvan-Yevlax”da çıxış edib.






