Rusiyalı prodüser, fiqurlu konkisürən Yevgeni Plyuşenkonun həyat yoldaşı Yana Rudkovskaya oğlu Aleksandr Plyuşenkonun Azərbaycan millisinin heyətində çıxış etməsinə münasibət bildirib.
Rudkovskayanın sözlərinə görə, Aleksandr yeni qaydalar qüvvəyə minməzdən əvvəl 5 il müddətinə Azərbaycan pasportu alıb və beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanıb: “Saşanın Azərbaycan pasportu var və ona idman vətəndaşlığı verilib. Əgər pasportu olmasaydı, yeni qaydaların təsiri altına düşəcəkdi. O, yeni qaydalar qüvvəyə minməzdən əvvəl 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb. Bu müddətin 5 il müəyyənləşdirilməsi təsadüfi deyil. Beş ildən sonra Saşa yeniyetmələr kateqoriyasından böyüklər kateqoriyasına keçəcək. Bu isə 2031-ci ilə təsadüf edir. O, yaşının az olması səbəbindən 2030-cu il Qış Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. Buna görə də biz ona yeniyetmələr arasında özünü göstərmək, potensialını reallaşdırmaq və səviyyəsini nümayiş etdirmək imkanı yaratmaq istədik”.
O, oğlunun məşqlərini harada davam etdirəcəyi ilə bağlı dəqiq məlumat verməsə də, bunun yaradılan şəraitdən asılı olacağını vurğulayıb. Rudkovskaya həmçinin Azərbaycanın gənc idmançıya böyük maraq göstərdiyini qeyd edib: İdman haqqında əvvəlcədən nəsə demək çox çətindir, çünki bu sahə gözlənilməzliklə doludur. Bir şeyi əminliklə deyə bilərəm ki, Yevgeni Plyuşenko heç vaxt başqa ölkənin bayrağı altında çıxış etməzdi. O, qazandığı bütün uğurları, o cümlədən dörd olimpiya medalını çox sevdiyi ölkəsinə həsr edib. Oğlum isə heç yerə getmir. Sadəcə, ona 5 il müddətində beynəlxalq yarışlarda çıxış etmək imkanı yaradılıb. O özü də deyib ki, atası rus olduğu və atasının məktəbində məşq etdiyi üçün hər iki ölkəni təmsil etmək istəyir. Məktəbimiz beynəlxalq status daşıyır və burada dünyanın 13 ölkəsindən uşaqlar məşq keçirlər. İdman siyasətdən və sərhədlərdən kənardır. Uşaqlara, xüsusilə də 13 yaşlı bir yeniyetməyə nəyi etməli və ya etməməli olduğunu diqtə etmək düzgün deyil. Ona sadəcə yarışmaq imkanı vermək lazımdır. Sonrası isə zamanla bəlli olacaq. Azərbaycan onunla bağlı müraciət edib, ona maraq göstərir və potensialına inanır. Gəlin görək hadisələr necə inkişaf edəcək. Mənim özümə də maraqlıdır ki, bunun nəticəsi nə olacaq?”
Prodüser əlavə edib ki, Aleksandrın hazırda əsas məqsədi beynəlxalq arenada çıxış etməkdir və gələcəklə bağlı qərarlar sonradan veriləcək.






