“Səbail”in futbol səhnəmizi tərk etməsinə az qalıb. Paytaxt klubu 10 yaşının tamam olduğu bu il ərzində adını və təmsilçiliyini dəyişəcək.
Futbolinfo.az xəbər verir ki, ötən il Premyer Liqanı tərk edib I Liqaya düşən, bu mövsüm isə geri qayıda bilməyən “Səbail”də vəziyyət qarışıb. Klub rəhbərliyi dövlətin ayırdığı maliyyə ilə yüksək yerlər uğrunda mübarizə aparmağın çətinliyini görərək radikal addım atıb. Məşqçi heyəti və futbolçularla bağlı qərar verilməsinin gözlənildiyi bir vaxtda klub özü satılıb.
Son bir neçə ayda maaşları verə bilməyən rəhbərlik “Bayıl Arena”dan çıxarıldıqdan sonra stadion problemi ilə də üzləşdiyindən “Səbail”i təhvil verib. Bizdə olan bilgiyə görə, klub təxminən 400 min manata satılıb.
ASCO sponsorluqdan imtina etdikdən sonra “Səbail” hazırkı rəhbərliyinin şəxsi mülkünə çevrilmişdi. Bütün sənədlər buna uyğun nizamlanmışdı. Onlar isə borcları bağlamaq üçün iflas həddində olan klubu satmağa qərar verib.
“Səbail”in “Şahdağ Qusar”ın keçmiş rəhbərliyi tərəfindən alındığı deyilir. Qubalı iş adamları Premyer Liqaya yüksəlmək üçün I Liqada çıxış edən komanda axtarırmış və seçimlərini ediblər. Onlar kluba yatırım edərək iddialıya çevrilmək niyyətindədir.
I Liqada yerin itirilməməsi üçün klubun varlığı qorunacaq. Amma “Səbail”in adı dəyişdiriləcək və Qubaya köçürüləcək. Ödənilən vəsaitin böyük hissəsi isə keçmiş klub rəhbərliyi tərəfindən borcların bağlanmasına yönəldiləcək.
Satış prosesi tamamilə yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.






