“Bu üç il mənim üçün son dərəcə vacib oldu. Vida mesajımda da qeyd etdiyim kimi, bu illər ağır zəhmət, çətin anlar, lakin hər şeydən önəmlisi böyük uğurlarla yadda qaldı. Unudulmaz anlar yaşadım, Avropa turnirlərində çıxış etdim, kubokun finalına yüksəldim və daim iddialı məqsədlər uğrunda mübarizə apardıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Tiaqo Silva deyib.
Təcrübəli qapıçı “Zirə” ilə yollarının ayrılmasına toxunub. Onun sözlərinə görə, qərar qarşılıqlı razılaşma əsasında qəbul olunub: “Niyyətim həmişə müqaviləmin sonuna qədər klubda qalmaq olub. O vaxt hesab edirdim ki, qarşıda hələ həyata keçirilməli vacib hədəflər var və birlikdə inkişaf edə bilərik. İndi isə müqaviləm başa çatıb və azad agentəm. Bu, artıq fərqli bir vəziyyətdir — futbolun təbiətidir. Qərar qarşılıqlı hörmət şəraitində və birgə şəkildə qəbul olundu. Açıq dialoq, şəffaflıq və hər iki tərəfin gələcək planlarının aydın şəkildə anlaşılması mövcud idi. Belə bir anlaşma olduqda ayrılıq da təbii şəkildə və qarşılıqlı məlumatlılıqla baş verir.
Burada həm futbolçu, həm də insan kimi çox inkişaf etdim. Fərqli mühitə uyğunlaşmaq, yeni mədəniyyəti tanımaq və davamlı çətinliklərlə üzləşmək məni gələcək üçün daha hazırlıqlı etdi. Birlikdə keçirdiyimiz yola böyük qürur hissi ilə baxıram. Futbolda hər zaman fərqli ola biləcək məqamlar olur, amma mən keçmişdə ilişib qalmıram. Düşünürəm ki, hər iki tərəf bir-birinə verə biləcəyi hər şeyi verdi və bu qərar doğru zamanda verilmiş düzgün qərar oldu. Klubdan dolu ürəklə, azarkeşlərə dərin minnətdarlıq hissi və komandadakı hər kəsə hörmətlə ayrılıram. Gələcək isə açıqdır — hər şey baş verə bilər”.
Qolkiper gələcək karyerası ilə bağlı da danışıb. O, bir neçə təklif aldığını və qərarını tələsmədən verəcəyini bildirib: “Hazırda qarşıma çıxan imkanları sakit və diqqətlə dəyərləndirirəm. Artıq müəyyən təkliflər və davam edən danışıqlar var, lakin düşünülmüş qərar vermək istəyirəm. İnkişaf etməyə və ən yüksək səviyyədə rəqabət aparmağa imkan verəcək bir layihə seçmək niyyətindəyəm”.
Tiaqo hələlik Azərbaycandan konkret təklif almadığını söyləyib: Azərbaycan həyatımda xüsusi yer tutmağa başlayıb. Buradakı futbolun keyfiyyəti, inkişaf potensialı və insanların münasibəti çox yüksəkdir. İlk gündən özümü evdəki kimi hiss etdirmişdilər. Buna görə də burada qalmaq ehtimalına heç vaxt “yox” demərəm. Peşəkar futbolçu kimi, istər Azərbaycanda, istərsə də başqa ölkədə olsun, karyeram üçün ən doğru variantı tapmaq üçün bütün imkanları dəyərləndirirəm. Amma indiyədək Azərbaycandakı başqa bir klubdan mənə hər hansı rəsmi təklif və ya əlaqə olmayıb”.
O, müxtəlif ölkələrdən təkliflər aldığını və hazırda seçim mərhələsində olduğunu bildirib. Silvanın sözlərinə görə, onun üçün əsas meyar ölkə və ya liqa deyil, klubun təqdim etdiyi layihə və perspektivdir: “Dünyanın müxtəlif yerlərindən əlaqələr olub. Ötən mövsüm mənim üçün çox uğurlu keçdi — bəlkə də “Zirə”də keçirdiyim üç il ərzində həm performans, həm də statistika baxımından ən yaxşı mövsümüm idi. Bu da təbii olaraq maraq doğurur. Lakin hazırda mənim üçün əsas olan konkret ölkə və ya liqa deyil. Axtardığım şey aydın məqsədləri olan, sabitlik və ambisiya təqdim edən bir layihədir. Ən vacibi isə inkişaf etməyə və ən yüksək səviyyədə çıxış etməyə davam edə biləcəyim düzgün mühiti tapmaqdır”.
GÜNAY SÜLEYMANOVA






