“Şahdağ Qusar”la müqavilə imzalamağımın əsas səbəblərindən biri komandanın qarşısında olan hədəflər və bu yolu getmək üçün göstərilən istəkdir. Düşünürəm ki, bu komanda ilə Premyer Liqaya yüksələ bilərik. Məqsədə çatmaq üçün hər birimiz əlimizdən gələni edəcəyik. Mənim də bir məşqçi olaraq hədəfim yenidən Premyer Liqa klubunu çalışdırmaqdır”. Bunu futbolinfo.az saytına açıqlamasında I Liqa təmsilçisi “Şahdağ Qusar”ın yeni baş məşqçisi Füzuli Məmmədov deyib.
Mütəxəssis seçimi ilə bağlı fikirlərini bölüşüb: “Premyer Liqadan ciddi təklifim yox idi. Səmimi deyim, şifahi danışıqlar apardığım olsa da, real təklifim olmayıb. “Şahdağ Qusar” mənə dəvət göndərdi və klub prezidenti Samir Xeyirbəyovla görüşümüz oldu. Komandanın hədəfləri, planları barədə məlumat verildi. Mətbuat konfranslarında hər zaman deyirdim ki, iddialı komandada işləyib yenidən Premyer Liqaya qayıtmaq istəyirəm. İstəklərimizin üst-üstə düşməsi, Samir müəllimin ambisiyalı olması mənim üçün vacib idi. Qərara aldım ki, birgə bu komandanı hədəflərə aparaq”.
Məmmədov yeni transferlərin olacağını da bildirib: “Komandaya yeni futbolçular cəlb olunacaq. Hazırkı heyətdə olan bəzi oyunçularla da danışıqlar aparılır. Maksimum çalışacağıq ki, çempionluğa layiq heyət formalaşdıraq”.
Qeyd edək ki, Füzuli Məmmədovla 1+1 illik sözləşmə imzalanıb. O, ötən mövsüm Premyer Liqa təmsilçisi “Karvan-Yevlax”ı çalışdırıb. Yevlax təmsilçisi onun rəhbərliyi altında 15 xal toplayaraq elitanı tərk edib.





