Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında istədiyi oyunu nümayiş etdirə bilməyib.
Futbolinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu barədə komandanın kapitanı Vüqar Bayramov deyib.
O, ilk iki oyunda ciddi çətinliklərlə üzləşdiklərini söyləyib:
“İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki cəhətdən üstün olmaları idi. Bununla belə, qarşıda bizi daha 4 vacib oyun gözləyir. Hazırda səhvləri və çatışmazlıqları diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcəyik, daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandanın əsl potensialını ortaya qoya biləcəyik”.
Qeyd edək ki, komanda Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.





