Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov yoldaşlıq görüşündə San Marino yığmasına qarşı keçirdikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az həmin müsahibəni təqdim edir.

​– Oyun barədə nə deyə bilərsiniz?

– FIFA reytinqindəki mövqeyinə baxmayaraq, rəqib asan deyildi. Meydanda mübarizə apardıq, San Marino da güzəştə getmək istəmirdi. Şükürlər olsun ki, qələbə qazana bildik.

​– Buraxılan qoldan sonra narahatlıq yarandı?

– Bəli, var idi. Uduzmaqdan qorxurduq. Oyundan əvvəl də belə bir təşviş var idi.

​– Bu, Maltaya məğlubiyyətdən irəli gəlirdi?

– Bəli, yenidən uduzmaq istəmirdik. Hərçənd qeyd etmək lazımdır ki, bütün mövsümdən sonra bu təlim-məşq toplanışı ağır keçdi. Qələbə qazandığımız üçün şadıq.

​– Qol sizin adınıza yazılsa da, təkrar kadrlarda topa sizin, yoxsa Renat Dadaşovun toxunduğunu müəyyən etmək çətindir. Bəs siz nə deyirsiniz?

– (Gülür) Yaxşı sualdır. Diqqətlə baxmaq lazımdır. Mənə elə gəlir ki, qolu mən vurmuşam, Renata isə elə gəlir ki, özü fərqlənib. Amma ümumilikdə, qol kimin adına yazılıbsa, deməli, o da vurub (gülür).

​– İlk hissədə daha bir qol vura bilərdiniz…

– Bəli, amma alınmadı.

9846b5b1 4eb6 422a 95b4 6407b85d3a5d - Futbolinfo.az

– Komanda Millətlər Liqasına hazırdır?

– Biz bu turnirə ümidlə yanaşırıq. İnanıram ki, daha yaxşı hazırlaşıb, daha yaxşı nəticə göstərəcəyik. İnanmaq lazımdır.

​– Amma bunun üçün son yoldaşlıq görüşlərindəkindən daha yaxşı oynamaq lazımdır. Razısınız?

– Elə də olacaq. Özümüzü buna hazırlayacağıq.

ƏZİZ

Shares: