“Toplanış yaxşı keçdi. Uşaqlar həvəslə hazırlaşırdılar. Baxmayaraq ki, mövsümün sonudur, yorğunluq var, istirahətə ehtiyac duyulur. Amma maksimum çalışdıq”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Elvin Bədəlov deyib.
31 yaşlı müdafiəçi yığmanın Avstriyada keçirilən təlim-məşq toplanışını dəyərləndirib. O, hazırlıq çərçivəsində Malta (0:2) və San Marino (2:1) ilə keçirilən oyunlar barədə danışıb: “İlk oyunda uduzduq – bu, üzücü idi. Amma müsbət məqamlar da var idi. Oyunu analiz edib səhvlərimizi başa düşdük və gələcək rəsmi matçlarda onları azaltmağa çalışacağıq. Oyun bizim nəzarətimizdə idi, sadəcə həmin gün top qapıya girmək istəmədi. Futbolda belə bir deyim var: vurmayana vurarlar. Elə də oldu. Diqqətsizlikdən iki lazımsız qol buraxdıq. İkinci oyun da yenə nəzarətimizdə keçirdi. Amma erkən qol buraxdıq. Buna baxmayaraq, epizodlar yaradırdıq və sakitliyimizi qoruyurduq. Bilirdik ki, qollar gələcək. Toplanışı qələbə ilə başa vurmaq istəyirdik, elə də oldu. Bu, yaxşı haldır”.
Bədəlov qarşıdan gələn rəsmi oyunlarda bəzi səhvləri aradan qaldırmalı olduqlarını bildirib: “Düşünürəm ki, keçirdiyimiz yoxlama oyunlarının faydasını rəsmi matçlarda görəcəyik. Buradan nəticə çıxarmalıyıq. Hücumda daha dəqiq olmalı, hücuma gedərkən müdafiəyə də tez qayıtmalıyıq ki, lazımsız qollar buraxmayaq. Ümumiyyətlə, bu toplanış çox vacib və faydalı idi. İnanıram ki, gələcəkdə bizə kömək edəcək”.





