Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığması Fransanın paytaxtı Parisdə “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026”-ya qatılacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunda Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq.
11 nəfərlik heyət ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Turnirə hazırlıq çərçivəsində komanda üçün yekun təlim-məşq toplanışı təşkil edilib.
Turnirin açılış oyunu Fransa və Seneqal komandaları arasında keçiriləcək. Final qarşılaşmaları isə iyulun 11-də Parisdə yerləşən “Stade Charlety” stadionunda baş tutacaq.
Qeyd edək ki, iyulun 6–11-də təşkil olunacaq turnirdə ümumilikdə 24 (12 kişi və 12 qadın seçməsi) komanda iştirak edəcək. Oyunlar 7×7 formatında keçiriləcək. Bu, Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur.






