2030-cu il Olimpiya Oyunlarının Fransa Alplarında keçiriləcəyinə baxmayaraq, büdcəyə qənaət məqsədilə yarışların sürətli konkisürmə növləri qismən Niderlandda təşkil olunacaq. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinis mətbuat xidməti məlumat yayıb.

“Körlinq, fiqurlu konkisürmə, hokkey və şort-trek də daxil olmaqla buzüstü idman növləri Liondakı yeni klasterə köçürüləcək. Bu dəyişiklik oyunların ümumi məkanının daha kompakt olmasına kömək edir və yarışların, eləcə də idmançılar üçün şəraitin yüksək keyfiyyətini qoruyub saxlamaqla yanaşı, əhəmiyyətli dərəcədə maliyyə qənaəti təmin edir.

BOK-un İcraiyyə Komitəsi, həmçinin təşkilat komitəsinin obyekt sahibləri ilə danışıqları yekunlaşana qədər Niderlanddakı “Tialf” buz meydançasını sürətli konkisürmə yarışlarının keçiriləcəyi təklif olunan məkan kimi təsdiqləyib. Bu, ev sahibi ölkədə uyğun obyektin olmaması səbəbindən BOK-un təqdim etdiyi tələblərdən istifadə edərək obyekti Fransadan kənarda təyin etmək məqsədi daşıyır.

“Tialf” güclü ictimai dəstəyə malik, xərc və gəlir nisbəti baxımından əlverişli imkanlar təklif edən dünya səviyyəli bir obyektdir.

Kurşavel və Val-d’İzer texniki və sürət növlərini əhatə edən dağ-xizək idmanı yarışlarının keçiriləcəyi məkanlar kimi təsdiqlənib. Val-d’İzer dünya səviyyəli idman meydançası və tamaşaçılar üçün mükəmməl şərait təklif edir. Ən əsası odur ki,  yarışlar idmançıların yaşayış yerlərinin bilavasitə yaxınlığında keçiriləcək.

Obyektlərin dəqiq bölgüsü hələ hazırlıq mərhələsindədir və beynəlxalq federasiyalar, eləcə də yerli hakimiyyət orqanları ilə növbəti qarşılıqlı müzakirələrdən sonra BOK-un İcraiyyə Komitəsinə təqdim olunacaq”, – deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Shares: