“İlk növbədə qarşıma məqsəd qoymuşam ki, Premyer Liqada özümü sübut edim və “İmişli”nin əsas oyunçularından birinə çevrilim. Təbii ki, vurduğum qolların sayını da artırmaq istəyirəm. Amma ən böyük məqsədim milli komandaya dəvət almaqdır. Bunun üçün daha çox çalışacağam”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”nin yeni transferi Seyxan Fərəcov deyib.

24 yaşlı hücumçu “İmişli”yə qayıdışından məmnun olduğunu bildirib: “İmişli”yə qayıtdığım üçün çox sevinirəm. Çünki I Liqada bu komandanın formasını geyinmişəm və məhz bu kollektivlə birlikdə Premyer Liqaya vəsiqə qazanmışıq. Düzdür, həmin vaxt mənimlə müqaviləni uzatmadılar və Premyer Liqada oynamaq şansım əldən çıxdı. Amma özümə söz vermişdim ki, klub rəhbərliyinə özümü yenidən sübut edəcəyəm və “İmişli”yə qayıdacağam. Cəmi altı ay sonra yenidən buraya qayıtmağım üçün klubun prezidenti Kamran Eyyubov böyük səy göstərdi. Sadəcə, MOİK məni buraxmaq istəmirdi. Azarkeşlərə də təşəkkür edirəm. Onlar hər zaman mənə dəstək olublar və yenidən “İmişli”də çıxış etməyimi istəyiblər. Bu gün burada olmağımın əsas səbəbi klub rəhbərliyinin və azarkeşlərin mənə olan inamıdır. Klubun prezidenti və idman direktoru mənə çox güvənir. Mən də onların etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Məqsədim Premyer Liqada özümü sübut etmək və milli komandaya dəvət almaqdır. Bunun üçün maksimum çalışacağam”.

Fərəcov azarkeşlər barədə də fikirlərini bölüşüb: “Komanda I Liqada çıxış etdiyim dövrdə “İmişli”nin formasını geyinmişəm və o vaxt komanda ilə birlikdə İmişlidə qalırdıq. Azarkeşlər həm oyunlarda, həm də meydandan kənarda hər zaman bizim yanımızda olurdular. Keçən mövsüm komanda ev oyunlarını İmişlidə keçirməsə də, istər Qubada, istərsə də Bakıda keçirilən qarşılaşmalarda azarkeşlər komandaya dəstək verməyə davam edirdilər. İnanıram ki, bundan sonra da onların dəstəyini hiss edəcəyik”.

Hücumçu komandanın gələcəyi ilə bağlı da nikbin danışıb: “Keçən mövsüm “İmişli” liqanın ən xarakterli komandalarından biri, bəlkə də birincisi idi. İnanıram ki, ildən-ilə daha da güclənəcəyik və yavaş-yavaş yuxarı pillələr uğrunda mübarizə aparan kollektivə çevriləcəyik. Bunun üçün ən vacib amil səbirli olmaqdır”.

Fərəcov komandadakı rəqabətdən çəkinmədiyini də vurğulayıb: “Rəqabətdən qorxmuram, əksinə, sağlam rəqabət futbolçunun inkişafı üçün çox vacibdir. Hücumçunun işi qol vurmaqdır və heç bir məşqçi özünə düşmən deyil. Güclü olan həmişə şans qazanır. Bir hücumçunun qol vurması üçün daha çox çalışması lazımdır. Hücumçu qapını hiss etməlidir və bunun üçün fərdi məşqlər böyük əhəmiyyət daşıyır. Məhz fərdi məşqlərim sayəsində I Liqanın ən məhsuldar hücumçularından birinə çevrilmişəm. Amma bunlar artıq keçmişdə qalıb. İndi daha çox işləməliyəm ki, Premyer Liqada da qollarımı sıralayım. Çünki Premyer Liqa ilə I Liqa arasında ciddi səviyyə fərqi var. Məqsədlərimə çatmaq üçün çox çalışmalı və səbirli olmalıyam. Qalanını isə Allahın öhdəsinə buraxıram. İnşallah, hər şey xeyirli olar”.

GÜNAY SÜLEYMANOVA

Shares: