Uğurlu gələcək qurmaq üçün işi peşəkarlara həvalə etmək lazımdır. Ətrafında bunu bacaran yetərli mütəxəssis yoxdursa, uğur qazanan əcnəbilər daha doğru seçimdir.
AFFA da artıq bu istiqamət üzrə hərəkət etmək istəyir. Assosiasiya daha çox Belçika və Niderland modelinə söykənir. Avropanın şimal-qərbindən əsən küləyin mehini artıq hiss edirik.
AFFA-nın texniki direktor vəzifəsinə təyin etməyə hazırlaşdığı niderlandlı Edmond Oskar Klaus uzun illərdir futbol akademiyalarının qurulması, istedadların inkişafı və texniki idarəetmə sahəsində çalışan mütəxəssislərdən biridir. Onun karyerasına nəzər saldıqda aydın görünür ki, əsas fəaliyyət istiqaməti peşəkar komanda çalışdırmaqdan daha çox futbolun strukturunun formalaşdırılması, akademiyaların idarə olunması və gənc futbolçuların inkişaf sisteminin qurulması olub. Bu baxımdan AFFA-nın seçimi daha çox uzunmüddətli strategiyaya hesablanmış qərar kimi qiymətləndirilə bilər.
1969-cu ildə Niderlandın Haarlem şəhərində anadan olan Klaus futbol fəaliyyətinə qapıçı kimi başlayıb. O, “Ayaks”ın əsas komandasında üçüncü qapıçı statusuna qədər yüksəlib, daha sonra müxtəlif həvəskar və tələbə komandalarında çıxış edib. Lakin futbolçu karyerasından daha uğurlu yolu məşqçilik və idarəçilik sahəsində qurub.
Onun peşəkar yüksəlişi məhz “Ayaks” akademiyası ilə sıx bağlıdır. 1996-cı ildən etibarən Amsterdam klubunun akademiyasında qapıçı məşqçisi kimi fəaliyyət göstərən Klaus qısa müddətdə təkcə qapıçı hazırlığı ilə kifayətlənməyərək skautinq sisteminin qurulmasına, qapıçı seçiminin koordinasiyasına və məşq metodikasının hazırlanmasına da rəhbərlik edib. Sonrakı illərdə müxtəlif yaş qruplarında baş məşqçi, koordinator və akademiya rəhbərinin müavini kimi çalışması onun idarəçilik bacarıqlarının formalaşmasına mühüm təsir göstərib.
Karyerasının diqqətçəkən mərhələlərindən biri Cənubi Afrikada “Ayaks Keyptaun” akademiyasının yaradılması olub. Burada o, sıfırdan qurulan akademiyaya rəhbərlik edib, məşqçilər, skautlar və tibbi heyətdən ibarət geniş komandaya nəzarət edib. Qısa müddətdə həmin akademiyanın Afrika qitəsinin ən müasir futbol mərkəzlərindən birinə çevrilməsi, həm əsas komandaya, həm də Cənubi Afrika millisinin aşağı yaş qruplarına futbolçular qazandırması onun layihə idarəçiliyi bacarığını nümayiş etdirən nümunələrdən sayılır.
Daha sonra “Ayaks”ın icazəsi ilə “HFC Haarlem” klubunda akademiya rəhbəri kimi çalışan Klaus məhdud büdcə ilə səmərəli sistem qurmağı bacarıb. Onun rəhbərliyi dövründə 35 futbolçu Haarlem akademiyasından “Ayaks”a transfer olunub. Həmin futbolçular arasında sonradan Niderland millisinin aparıcı üzvlərindən birinə çevrilən Qreqori van der Vil də yer alırdı. Bu fakt Klausun futbolçu inkişafı sahəsindəki uğurlarını göstərən əsas göstəricilərdən hesab olunur.
2011-ci ildən etibarən isə onun fəaliyyət coğrafiyası Çinə qədər uzanıb. Altı ildən artıq müddətdə Çin Futbol Assosiasiyasında müxtəlif vəzifələrdə çalışan mütəxəssis həm U-20, həm U-16 milli komandalarında köməkçi-məşqçi, həm də ölkənin ümumi gənclər futbolunun inkişaf proqramında baş məsləhətçi kimi çalışıb. Burada əsas missiyası yalnız milli komandaların hazırlanması deyil, eyni zamanda skautinq şəbəkəsinin qurulması, qapıçı hazırlığı konsepsiyasının yaradılması və gənclər futbolunun strukturlaşdırılması olub. O, həmçinin Çin Futbol Assosiasiyasının PRO məşqçi kurslarında mühazirəçi kimi fəaliyyət göstərərək yerli mütəxəssislərin hazırlanmasında da iştirak edib.
Klausun karyerasında digər mühüm istiqamətlərdən biri də Niderland Futbol Federasiyası ilə əməkdaşlıqdır. O, UEFA səviyyəli Akademiya Direktoru PRO proqramının yenidən hazırlanmasına rəhbərlik edib, kursun müəllifi və layihə rəhbəri olub. Bununla yanaşı, Niderlandın U-17 və U-18 milli komandalarında köməkçi-məşqçi işləyib, aşağı yaş qruplarında qapıçı məşqçilərinin fəaliyyətini koordinasiya edib və federasiyanın təhsil proqramlarının hazırlanmasında iştirak edib. Bu faktlar göstərir ki, onun fəaliyyəti meydançadakı məşq prosesi ilə yanaşı, həm də məşqçi hazırlığı və futbol təhsilinin inkişafını əhatə edib.
2015-ci ildə yaratdığı “Football Academy Development” (FAD) şirkəti vasitəsilə dünyanın müxtəlif ölkələrində akademiyaların inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərən Klaus ABŞ Futbol Federasiyası, Braziliyanın “Flamenqo” klubu və digər beynəlxalq layihələrdə iştirak edib. Onun əsas işi müxtəlif ölkələrdə futbol akademiyalarının fəaliyyətini qiymətləndirmək, inkişaf strategiyaları hazırlamaq və yeni idarəetmə modelləri tətbiq etməkdən ibarət olub.
Son illərdə isə yenidən “Ayaks”a qayıdan niderlandlı mütəxəssis əvvəlcə U-17 və U-19 komandalarının texniki koordinatoru, daha sonra isə 2023-2024 mövsümündə klubun bütün akademiyasının müvəqqəti rəhbəri kimi çalışıb. Bu vəzifədə o, 8 yaşdan 18 yaşadək bütün yaş qruplarının texniki fəaliyyətinə, məşqçilərin işinə, oyunçu inkişafı prosesinə və akademiyanın ümumi idarəçiliyinə cavabdeh olub.
Onun “təhsil portfeli” də kifayət qədər zəngindir. UEFA Pro lisenziyasına malik olan Klaus son illərdə futbol sənayesinin idarə olunması, liderlik, kommunikasiya və akademiya rəhbərliyi üzrə bir neçə ixtisasartırma proqramını tamamlayıb. Maraqlıdır ki, UEFA Pro kursu zamanı o, Ronald Kumanın rəhbərliyi altında “Ayaks”ın, Lui van Qaalın rəhbərliyi altında isə “Barselona”nın əsas komandalarında təcrübə keçib. Həmin kursun iştirakçıları arasında Marko van Basten də olub.
Edmond Klausun karyerasına bütövlükdə baxdıqda onun klassik baş məşqçidən daha çox futbol idarəçisi və akademiya memarı olduğu görünür. Demək olar ki, fəaliyyətinin böyük hissəsi gənc futbolçuların hazırlanması, akademiyaların qurulması, məşqçi təhsili və texniki inkişaf strategiyalarının hazırlanması üzərində qurulub. Məhz bu səbəbdən AFFA-nın onu texniki direktor vəzifəsinə gətirməsi Azərbaycanın futbol sistemində uzunmüddətli struktur islahatlarına üstünlük vermək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər. Bunun praktik nəticələrinin necə olacağı isə artıq onun Azərbaycan futbolunda quracağı sistemin effektivliyindən və bu layihələrin davamlı şəkildə həyata keçirilməsindən asılı olacaq.
Təyinat tezliklə reallaşacaq. Klausa etimad göstərənlər tarixi yaddan çıxarmamalıdır. Əcnəbi mütəxəssisdən dərhal nəticə tələb etmək doğru deyil, amma onun işinə nəzarət edilməli, fəaliyyəti zaman-zaman qiymətləndirilməlidir. İlləri boşa verən Bernard Lippert, ondan daha betər olan Cahangir Həsənzadə nümunələri var. Yeni mütəxəssis gətirilirsə, yeni baxış olmalıdır. İtirəcək zaman qalmayıb…
TAHİR MİRZƏ
