Meksika millisi indidən növbəti oyunu fikirləşir. 1/16 finalda Ekvadoru 2:0 hesabı ilə məğlub edən şimali amerikalılar bununla kifayətlənmək niyyətində deyil.
Baş məşqçi Xavyer Aqirre qarşıdakı matçın karyerasında ən vacib sınaq olacağını deyib. 67 yaşlı mütəxəssis Ekvadora 2:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb: “Həqiqətən ilk hissədə çox yaxşı oynadıq. İkinci yarıda topa nəzarət etməyi bacardıq. Gözəl atmosferə görə azarkeşlərə təşəkkür edirəm. Hər kəsin necə xoşbəxt olduğunu gördük. Fanatlarla komanda arasında bağın olduğuna əminəm. Bütün oyunçular bu qarşılaşmada çox qaçdılar. Bazar günü keçiriləcək növbəti matç Meksika millisinin tarixində və karyeramda ən vacib sınaq olacaq”.
Xatırladaq ki, Meksika komandası 1/8 finalda İngiltərə – Konqo DR cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 5-də keçiriləcək.
