Son günlər “Neftçi”nin “Zarya”nın hücumçusu Filipp Budkovski ilə maraqlandığı barədə xəbərlər yayılıb. “Ağ-qaralar”a vaxtilə 34 yaşlı forvardla birgə çalışmış Yuri Vernidubun rəhbərlik etməsi bu transfer ehtimalını daha da gücləndirmişdi.
Futbolinfo.az xəbər verir ki, “Ukrainski Futbol” nəşri məlumatı dəqiqləşdirmək üçün Vernidubla əlaqə saxlayıb.
Mütəxəssis Budkovski ilə danışıq aparılmadığını söyləyib: “Bu xəbərləri oxumuşam. Budkovski çox yaxşı futbolçudur. Mənim komandamda oynayıb, həm insan, həm də peşəkar kimi ona böyük hörmətim var. Həqiqətən də yaxşı mövsüm keçirdi. Amma onun transferi ilə bağlı heç bir danışıq olmayıb”.
Vernidub əlavə edib ki, forvardın namizədliyi daxildə müzakirə olunmayıb: “Filippin artıq 34 yaşı var, klubumuzun isə aydın transfer siyasəti mövcuddur – əsasən 29 yaşdan yuxarı futbolçuları heyətə qatmaq istəmirik. Yalnız yüksək səviyyəsini qoruyan mərkəz müdafiəçiləri üçün istisna edilə bilər. Bu mövqedə yaşlı oyunçular da uğurla çıxış edə bilirlər. Hücum xətti üçün isə gənc futbolçular axtarırıq. Buna görə də Budkovski ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir”.
