Ötən ilin yayında “Neftçi”dən Birləşmiş Ərəb Əmirliklərinin “Əcmən” klubuna keçən Yuri Matias komandası ilə yeni müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı braziliyalı mərkəz müdafiəçisi anlaşmaya görə, daha bir mövsüm hazırkı klubunda çıxış edəcək.
“Neftçi”dən ailəsindəki problemləri əsas gətirərək Braziliyaya qayıtmaq istədiyini deyib ayrılan və “Əcmən”ə keçən Matias təəssüratlarını bölüşüb. O, 2016-cı ildən bəri Portuqaliya, İran, Rumıniya və Azərbaycanda çıxış etdiyini və 10 ildir legioner həyatı yaşadığını vurğulayıb: “Müqavilənin uzadılması həmişə sevindirici hadisədir. Bu, əməyimin qiymətləndirildiyini və yaxşı mövsüm keçirdiyimi göstərir. Xaricdə çıxış etməyimin artıq 10 ili tamam olur. Bu, mənim üçün böyük sevinc, qürur və minnətdarlıq mənbəyidir. Olduğum ölkələrdə oyunumla özümə hörmət qazandırmışam. Çox az sayda futbolçu 10 il xaricdə belə oynaya bilir. Yenidən seçim etmək imkanım olsaydı, eyni yolu seçərdim”.
Qeyd edək ki, Yuri Matias “Neftçi”nin heyətində 2023-2025-ci illərdə ümumilikdə 71 oyun keçirib, 10 qol vurub.
