“Araz-Naxçıvan”ın braziliyalı sabiq yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– Bugünlərdə Taylandın “Banqkok Yunayted” klubu ilə 2 illik müqavilə imzaladınız. Nəyə görə bu variantı seçdiniz? Azərbaycandan və ya digər ölkələrdən təklifləriniz var idi?

– Bu yeni çağırışdan, yeni çempionatdan və yeni ölkədən çox məmnunam. Təəssüf ki, Azərbaycandan mənimlə heç kim əlaqə saxlamadı. Bəlkə də “Araz-Naxçıvan”ın heyətində onlara qarşı matçlarda qol vurduğum üçün narazı idilər, amma bu, futbolun bir hissəsidir.

– Uzun illər Azərbaycan çempionatında çıxış etdiniz. Ölkəmizdəki karyeranızı necə dəyərləndirirsiniz? Azərbaycanda hansı klubda özünüzü daha yaxşı hiss etmisiniz?

– Mən Azərbaycanda ümumilikdə dörd mövsüm keçirdim və bütün bu illər ərzində özümü evimdəki kimi hiss etdim. Həmin dörd ildə liqanın ən məhsuldar əcnəbi bombardirlərindən biri oldum, kubok qazandım, hamının aşağı liqaya yuvarlanacağını düşündüyü komandanı avrokuboklara çıxartdım, hər birinin Avropa turnirlərinə vəsiqə qazanmasına töhfə verdim. Bu qədər qısa müddətdə Azərbaycanın ən məhsuldar bombardiri oldum və bunu heç kim dəyişə bilməz. Orada olduğum müddətdə çox xoşbəxt idim.

– “Araz-Naxçıvan” baş məşqçi və bir neçə futbolçusu ilə yollarını ayırdı. Sizcə, komandada gedən dəyişikliklər Naxçıvan təmsilçisinə necə təsir edəcək? Sabiq komandanız növbəti mövsümdə daha yaxşı performans göstərə biləcəkmi?

– Klub daxilində yalnız öz maraqlarını düşünən insanların olduğuna inanmaqda çətinlik çəkirəm. Yanvar-may aylarında zəif çıxış etdik. Bunun məsuliyyətini daşıyan biri var, amma onun kim olduğunu deməməyi üstün tuturam. Rəhbərlikdən əbədi minnətdarlığımı isə Zaur Axundov və Eldəniz Yusubova bildirirəm.

– Əksər legionerlər Azərbaycan çempionatının səviyyəsinin artdığını, liqanı bəyəndiyini bildirir. Siz də bu fikirdəsiniz?

– Azərbaycana gəldiyim vaxtdan götürsək, son mövsüm ən rəqabətli sezon oldu. Bütün komandaların yaxşı əcnəbi futbolçuları var idi və bu da liqanın səviyyəsini yüksəltdi. Əminəm ki, Azərbaycan çempionatının səviyyəsi hər il daha da artacaq.

– Qarşıdakı illərdə sizi yenidən Azərbaycanda görə bilərikmi? Maraqlıdır, ölkəmizdə hansı klubun formasını geyinmək istərdiniz?

– Bu gün Taylanddayam, amma Azərbaycan həmişə mənim evim olaraq qalacaq. Ölkənizdə möhtəşəm illər keçirdim. Ümid edirəm ki, Taylanddakı karyeram oradakı dövrdən daha yaxşı olacaq. Gələcəkdə nə olacağını yalnız Tanrı bilir. Azərbaycana hər şey üçün təşəkkür edirəm.

FƏRİD

Shares: