Futbol üzrə dünya çempionatında ikinci yarımfinal cütü də bəlli oldu. Daha öncə Fransa ilə İspaniyanın finala vəsiqə uğrunda qarşılaşacağı məlum idi. Bu gecə dramatik qarşılaşmalardan sonra digər iki xoşbəxt bəlli oldu. Hər iki qarşılaşmada əsas vaxt qalibi müəyyənləşdirməyə yetmədi.

İngiltərə ilə dueldə hesabı Norveç açdı. Mayami stadionunda keçirilən matçda Andreas Şelderup 36-cı dəqiqədə gözəl qol vurdu. Amma Cud Bellingem onların sevincini fasiləyədək bitirdi. O, ilk hissəyə əlavə olunan 2-ci dəqiqədə hesabı bərabərləşdirdi. İkinci hissədə vəziyyət dəyişməyincə əlavə vaxt oynanıldı. Burada yenə “Real”ın yarımmüdafiəçisi səhnəyə çıxdı. 93-cü dəqiqədə fərqlənən Cud ingilsləri yarımfinala daşıdı – 2:1.

Argentina ilə İsveçrənin duelində də oxşar ssenari yaşandı. Əsas vaxt 1:1 hesabı ilə bitdi. 10-cu dəqiqədə fərqlənən Aleksis Makkalisterin qoluna isveçrəlilər 67-ci dəqiqədə Dan Ndoye ilə cavab verdi. Amma 72-ci dəqiqədə hakimi aldatmağa çalışan Breel Embolonun oyundan qovulması avropalıları çətinə saldı. Bununla belə, hesabı qoruyan İsveçrə oyunu əlavə vaxta daşımağı bacardı. Burada isə Murat Yakının yetirmələrinin gücü yetmədi. 112-ci dəqiqədə Xulian Alvaresn fantastik zərbəsi, 120-ci dəqiqədə Lautaro Martinesin əks-hücumdan sonra vurduğu qol Argentinanın 3:1 hesabı ilə qalib gələrək yarımfinalda İngiltərəyə rəqib olmasına imkan yaratdı.

Shares: