“İmişli”nin yeni transferi Bəxtiyar Həsənalızadənin futbolinfo.az saytına müsahibəsi

– “İmişli”yə keçidiniz necə alındı? Başqa təklifləriniz də var idi? Nəyə görə məhz “İmişli” variantını üstün tutdunuz?

– Bəli, “İmişli”dən əlavə başqa təkliflər də var idi. Amma seçimimi “İmişli”dən yana etdim. Gələcək karyeram üçün buranı daha uyğun hesab etdim.

– “İmişli” ötən mövsüm öz çıxışı ilə hamını yaxşı mənada təəccübləndirə bilmişdi. Yeni sezonda daha artığını etməyə komandanın gücü çatacaq?

– Bunu etmək üçün yaxşı heyət qurulmalı, əvvəlki oyunçularla birlikdə yaxşı komanda formalaşdırmalıyıq. “İmişli”nin oturuşmuş heyəti var. Bu, stabil oynamaq üçün daha uğurlu seçimdir. Yeni oyunçular olaraq komandanın uğurları üçün əlimizdən gələni edəcəyik.

– Hazırda “İmişli”nin heyətində yenilənmə gedir: komandadan gedənlər və yeni cəlb olunan futbolçular var. Bu məqam “İmişli”nin çıxışına necə təsir göstərəcək?

– Gələcək haqda danışmaq asan deyil. Sabah necə olacağını bilmək olmur. Amma komanda şəklində formalaşdıqdan sonra birlikdə yumruq olacaq, sonadək mübarizə aparacağıq.

– Yeni kollektivə tam uyğunlaşmağınız üçün nə qədər vaxta ehtiyacınız olacaq? Yeni sezonda qarşınıza fərdi baxımdan hansı hədəfi qoymusunuz?

– Şəxsi hədəflərim var, təbii ki, komandanın hədəfləri də öz yerində. Hər ikisi də mənim üçün önəmlidir. Kollektivə uyğunlaşmada problem yaşamıram. Həqiqətən də, yaxşı kollektivimiz var.

– Milli komandamızın sentyabrda Millətlər Liqasında oyunları olacaq. Həmin toplanışa qədər yığmanın məşqçilər korpusunun diqqətini cəlb edə biləcəksiniz? Sizcə, yığmamız Millətlər Liqasında ona bəslənən ümidləri doğrultmağı bacaracaqmı?

– Təbii ki, bu yöndə nə lazımdırsa, meydanda göstərməyə çalışacağam. Sonrası məşqçilər heyətinin verəcəyi qərardan asılıdır. Milli komandamızın oyunlarını izləyəndə müsbətə doğru dəyişikliklər gözə çarpır və gələcəyə ümid verir. Təbii ki, həm futbolçu, həm də azarkeş kimi yığmamızın uğurunu istəyərik.

AĞA

Shares: